Bizi izləyin:
Heydər Əliyev
ATU əməkdaşları beynəlxalq tibb təhsili konqresində mükafat qazanıblar

ATU əməkdaşları beynəlxalq tibb təhsili konqresində mükafat qazanıblar

Azərbaycan Tibb Universitetinin (ATU) Tibb və Sağlamlıq Elmləri Təhsili kafedrasının əməkdaşları 26–29 noyabr 2025-ci il tarixlərində Türkiyənin Acıbadem Universiteti Tibb Fakültəsində keçirilən “UTEK’25 – XV Milli və I Beynəlxalq Tibb Təhsili Konqresi”ndə iştirak ediblər. Kafedranın müdiri dosent Samir Cavadlı, tədris işləri üzrə müdir müavini baş müəllim Aydan Qədimli və elmi işlər üzrə müdir müavini baş müəllim Samirə Məmmədova universiteti konqresdə təmsil edən əsas iştirakçılar olub.

Konqres çərçivəsində ATU nümayəndələri tibb təhsilinin müxtəlif sahələrinə dair kurslarda iştirak edib və aparıcı beynəlxalq mütəxəssislərin qatıldığı elmi sessiyalarda çıxış ediblər. Təqdim olunan məruzələrdən biri Azərbaycan tibb təhsilinin 1990-cı illərdən bu günə qədər keçdiyi transformasiya prosesinə həsr olunub. Digər məruzələrdə tibb tələbələri arasında diqqət çatışmazlığı və hiperaktivlik pozuntusunun skrininqi, tələbələrdə stress, tükənmə və onların öhdəsindən gəlmə strategiyaları, həmçinin tələbə motivasiyasının artırılması məqsədilə ARCS motivasiya modelinin tətbiqi kimi mövzular əhatə olunub.

Konqresin xüsusi diqqət çəkən məqamlarından biri isə baş müəllim Elyanə Təhməzovanın araşdırması əsasında təqdim olunan “Azerbaycanlı tibb tələbələrində Özünütənzimləmə Öyrənmə Qavrayışı Ölçəyinin etibarlılığı və validliyi” mövzusunda məruzənin III yerə layiq görülməsi olub. Bu nəticə ATU-nun tibb təhsili sahəsində innovativ yanaşmalarının və elmi fəaliyyətinin yüksək qiymətləndirildiyini bir daha göstərib.

Paylaş

Dostlarınız ilə paylaşın.