

Azərbaycan Tibb Universitetində (ATU) “Konstitusiya və suverenlik ili” çərçivəsində təşkil olunan tədbirlər davam edir. Dekabrın 11-də keçirilən növbəti görüşdə Hüquq və İnsan Haqları İnstitutu İdarə Heyəti sədrinin müavini Vəfaddin İbayevin “Suverenliyin Zəfər yolu: reallaşan ideyalar, hüquqi əsaslar, siyasi paralellər” adlı kitabının təqdimatı keçirilib.
Universitetin tərbiyə işləri üzrə prorektoru, dosent Mahir Səfərov çıxışında ölkədə 2025-ci ilin “Konstitusiya və suverenlik ili” elan edilməsinin əhəmiyyətini vurğulayaraq bu istiqamətdə ATU-da aparılan maarifləndirici tədbirlərin gənclərin hüquqi düşüncə tərzinin formalaşmasında önəmli rol oynadığını bildirib. O, təqdim olunan kitabın tələbələr üçün dəyərli mənbə olduğunu, Azərbaycanın suverenlik yolunun hüquqi və siyasi aspektlərini dərindən anlamaq baxımından mühüm təsir daşıdığını qeyd edib.
Tədbirdə müəllim və tələbələrdən ibarət geniş auditoriya iştirak edib. Görüş zamanı müəllif Vəfaddin İbayev kitabın yaranma səbəbləri, mövzuya yanaşması və əsərdə əks olunan hüquqi-siyasi paralellər barədə iştirakçılara ətraflı məlumat verib.
ATU-nun kitabla bağlı rəyi də hazırlanmış arayışa əlavə olunaraq Hüquq və İnsan Haqları İnstitutuna təqdim edilib.
