

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında rezidentlər üçün ana ölümünün səbəbləri, riskləri və qarşısının alınması yollarını əhatə edən seminar təşkil olunub.
Seminarda ATU-nun I mamalıq-ginekologiya kafedrasının dosenti Şərifə Vahabova tərəfindən geniş məruzə təqdim edilib. Məruzədə ana ölümünün əsas səbəbləri və risk faktorları ətraflı şəkildə şərh edilib, həmçinin ana ölümlərinin qarşısının alınması üçün müasir strategiyalar, antenatal qulluq prosesinin əhəmiyyəti və ana ölümlərinə səbəb olan xəstəlik tarixlərinin təhlili kimi mövzulara toxunulub.
Ş.Vahabova, xüsusilə ölkədə ana ölümünün profilaktikasında rezidentlərin bilik və bacarıqlarının artırılmasının vacibliyini vurğulayıb və praktiki nümunələr üzərində risk faktorlarının düzgün qiymətləndirilməsinin önəmini diqqətə çatdırıb. Seminar həm nəzəri, həm də interaktiv formada keçirilib, rezidentlərin sualları ətraflı cavablandırılıb.
Tədbirin əsas məqsədi gələcək ginekoloqların ana ölümünün qarşısının alınması üzrə biliklərini gücləndirmək və klinik praktikada bu bilikləri effektiv tətbiq etmələrinə dəstək göstərmək olub.
