
Azərbaycan Tibb Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin nəzdində 2018-ci ildən fəaliyyət göstərən Teatr Klubunun üzvləri tərəfindən hazırlanan növbəti tamaşa - “Ah, bu uzun sevda yolu” əsəri səhnəyə qoyulub. Görkəmli Azərbaycan şairi Mikayıl Müşfiqin həyat və taleyinə həsr olunmuş tamaşanı universitetin rektoru, professor Gəray Gəraybəyli, professor-müəllim heyəti və tələbələr izləyiblər.
Elvin Abbaszadənin rejissorluğu ilə səhnələşdirilən tamaşanın bədii rəhbəri Səid Qənbər, işıq rejissorları Məhəmməd Məmmədli və Cavid Cəfərli, səs rejissoru isə Aytac Şükürlüdür.
Tamaşada əvvəlcə Mikayıl Müşfiqin həyat yoldaşı Dilbər Axundzadəyə olan dərin və saf məhəbbəti təsvir olunur. Onların görüşləri, şairin Dilbərə həsr etdiyi sevgi məktubları və şeirləri səhnə əsərinin lirik xəttini təşkil edir. Bu sevgi Müşfiqin yaradıcılığına yeni ruh və ilham gətirir. Ardınca onların toy mərasimi canlandırılır. Müşfiqin yaxınları və şair dostlarının iştirak etdiyi bu səhnə şən və səmimi ab-havası ilə seçilir.
1933-cü ildə ailə quran cütlüyün 1934-cü ilin mart ayında oğulları dünyaya gəlir. Lakin körpənin cəmi iki ay sonra ağır xəstəlik nəticəsində vəfat etməsi onların həyatında dərin faciə kimi təqdim olunur.
Zaman keçdikcə Mikayıl Müşfiqə qarşı tənqidlər və ittihamlar başlanır. Yazıçılar İttifaqının plenumlarında onun yaradıcılığına qarşı hücumlar edilir, mətbuatda böhtan xarakterli yazılar dərc olunur. Buna baxmayaraq, bəzi şairlərin Müşfiqi müdafiə etməsi tamaşada xüsusi vurğulanır.
Hadisələr getdikcə gərginləşir və şair gecə saatlarında öz evində həbs olunur. İstintaq zamanı ona əks-inqilabi fəaliyyətlə bağlı ağır ittihamlar irəli sürülsə də, Müşfiq bunları qəbul etmir. 1938-ci ildə onun güllələnməsi barədə hökm çıxarılır.
Müşfiqin həbsi və edamından sonra həyat yoldaşı Dilbər Axundzadə də həbs edilir. Ağır işgəncələr və psixoloji sarsıntılar onun sağlamlığını ciddi şəkildə pozur. 1939-cu ildə həbsdən azad edilsə də, yaşadığı faciələr Dilbərin həyatında silinməz izlər buraxır.
Tamaşa repressiya illərinin faciəsini, Mikayıl Müşfiqin keşməkeşli taleyini və böyük məhəbbətin bütün bu zülm və haqsızlıqlara baxmayaraq sarsılmadığını tamaşaçıya təsirli şəkildə çatdırır.
Tamaşada tələbə aktyorlar - Səid Qənbər (Mikayıl Müşfiq), İlahə Əliyeva (Dilbər Axundzadə), Aydın Çələbi (Frençli kişi), Elvin Abbaszadə (dost şair), Maarif Eyvazov (düşmən şair), İbrahim İbrahimov (müdrik şair), Elçin Fərzəliyev (novator şair), Asiman Məmmədli (qadın şair), Nihat Cabbarov (qorxaq şair), Aysel Manafova (ev sahibəsi), Aytac Vəliyeva (Gülər) öz rollarını yüksək peşəkarlıqla canlandıraraq tamaşaçıların alqışlarını qazanıblar.
Tamaşanın sonunda Mikayıl Müşfiq obrazını canlandıran tələbə Səid Qənbər çıxış edərək şairin xatirəsinin heç zaman unudulmayacağını vurğulayıb. Tamaşa gur alqışlarla başa çatıb, yaradıcı heyətə gül dəstələri təqdim olunub.