“Konstitusiya və Suverenlik İli” çərçivəsində “Fizioterapiya və tibbi reabilitasiyanın inkişaf perspektivləri” mövzusunda elmi-praktik konfrans keçirilib
Tədbiri ATU-nun Fizioterapiya və tibbi reabilitasiya kafedrasının müdiri, dosent Paşa Mehdiyev açıb. O bu əlamətdar il çərçivəsində fizioterapiya və tibbi reabilitasiyanın aktual problemlərinə həsr olunmuş elmi-praktik konfransın keçirilməsini məqsədəuyğun hesab etdiklərini vurğulayıb. Bildirib ki, elmi və praktik əhəmiyyətə malik tədbirin əsas məqsədi sahə üzrə aktual problemlərin müzakirəsi, mütəxəssislərin bilik və bacarıqlarının artırılması, həmçinin müasir müalicə üsulları ilə tanışlıqdır.
Konfrans Dövlət Himninin səsləndirilməsi və Vətənimizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsinin ehtiramla yad edilməsi ilə açıq elan olunub.
Daha sonra çıxış üçün söz Elmi Tədqiqatların İdarə Olunması Departamentinin rəhbəri, professor Eldar Qarayevə verilib. Professor “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş belə bir konfransda iştirakdan məmnunluğunu ifadə edərək bildirib ki, bu kimi elmi platformalar tibbi biliklərin paylaşılması, müasir müalicə üsullarının müzakirəsi və sübutlara əsaslanan terapiyanın təşviqi baxımından mühüm əhəmiyyət daşıyır. O vurğulayıb ki, yüksək tibbi texnologiyaların tətbiqi və mütəxəssislər arasında təcrübə mübadiləsi tibb elminin inkişafına ciddi töhfə verir.
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun professoru Nailə Məmmədova çıxışında ölkədə fizioterapiya və tibbi reabilitasiya sahəsinin sürətlə inkişaf etdiyini bildirib. O, yeni reabilitasiya mərkəzlərinin yaradıldığını, müasir müalicə üsullarının tətbiq olunduğunu və bu sahənin səhiyyə sistemində mühüm yer tutduğunu qeyd edib.
TƏBİB-in icraçı direktorunun müşaviri, Yeni Klinikanın STROKE Mərkəzinin rəhbəri Pərvin Ələkbərov bildirib ki, reabilitasiya və fizioterapiya artıq müasir səhiyyədə zəruri xidmət sahəsinə çevrilib. Onun sözlərinə görə, məqsəd xəstələrin həyat keyfiyyətinin yaxşılaşdırılması və cəmiyyətə tam inteqrasiyasının təmin olunmasıdır. O, ölkədə bu istiqamətdə müvafiq institusional addımların atıldığını diqqətə çatdırıb.
Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan nümayəndəliyinin TAP layihə rəhbəri Turanə Əliyeva qeyd edib ki, dünyada fizioterapiya və reabilitasiya xidmətlərinə ehtiyac getdikcə artır. O, ÜST tərəfindən Azərbaycanda bu sahədə pilot layihələrin həyata keçirildiyini və ilkin səhiyyə xidmətlərinə əlçatanlığın gücləndirildiyini bildirib.
Konfrans öz işini panel iclaslarla davam etdirib.