
Azərbaycan Tibb Universitetinin (ATU) Revmatologiya ixtisası üzrə III kurs həkim-rezidenti Rəşad Abızadə Amerika Birləşmiş Ştatlarının nüfuzlu tibb müəssisələrindən olan Johns Hopkins Hospitalının Lupus mərkəzində iki aylıq təcrübə keçib.
Təcrübə müddətində həkim-rezidentimiz dünya şöhrətli mütəxəssis, professor Michelle Petrinin rəhbərliyi altında Sistem Qırmızı Qurdeşənəyi (SLE) xəstəliyinin ən müasir müayinə, diaqnostika və müalicə üsulları ilə yaxından tanış olub, bu xəstələrin həyat keyfiyyətinin artırılmasına yönəlmiş ən son elmi yenilikləri öyrənib.
Rəşad Abızadə, həmçinin Johns Hopkins Hospitalının Revmatologiya şöbəsinin həftəlik elmi toplantılarında iştirak edib, dünyanın aparıcı mütəxəssisləri ilə peşəkar fikir mübadiləsi aparıb. Qeyd edək ki, Johns Hopkins Hospitalının Revmatologiya şöbəsi artıq təxminən 8 ildir Amerika Birləşmiş Ştatlarında, eləcə də dünyada bu sahə üzrə aparıcı mərkəzlərdən biri hesab olunur. Onun yanında olduğu professor Michelle Petri SLE üzrə dünyanın ən nüfuzlu mütəxəssislərindən biri olmaqla yanaşı, bu sahədə ən yeni müalicə və müayinə metodlarının hazırlanmasında mühüm töhfələr vermiş alimdir.
Azərbaycan Tibb Universiteti həkim-rezidentimizə gələcək fəaliyyətində uğurlar arzulayır və ümid edir ki, təcrübə müddətində qazandığı bilik və bacarıqlar ölkəmizdə revmatologiya sahəsinin inkişafına dəyərli töhfə verəcəkdir.