
Azərbaycan Tibb Universitetində (ATU) Tələbə Elmi Cəmiyyətinin (TEC) növbəti iclası baş tutub. İclas, İnsan anatomiyası və tibbi terminologiya kafedrasında keçirilib.
Tədbir zamanı 19 tələbə müxtəlif elmi mövzular üzrə məruzələrlə çıxış edib. Təqdim olunan mövzular aktual xarakter daşıyıb və klinik anatomiyaya birbaşa çıxışı olan tədqiqatlar xüsusi diqqət çəkib. Tələbələr tədqiqatlarında müasir üsullardan – maqnit-rezonans tomoqrafiyası (MRT), kompüter tomoqrafiyası (KT), rentgen panorama və ultrasəs müayinəsindən (USM) istifadə etməklə yanaşı, klassik təşrih metodlarına da müraciət ediblər. Bu yanaşma elmi nəticələrin həm ənənəvi, həm də müasir metodların inteqrasiyası əsasında əldə olunmasına şərait yaradıb.
Çıxışların hazırlanmasında elmi rəhbərlərin rolu xüsusi vurğulanıb. Professor, dosent, baş müəllim və assistentlərin mövzuların seçilməsi, metodoloji yanaşma və nəticələrin elmi əsaslarla təqdim olunmasına verdikləri dəstək tələbələrin elmi çıxışlarının keyfiyyətinin yüksəlməsində mühüm rol oynayıb.
Tələbələr əldə etdikləri nəticələrin elmi əsaslandırılmasında statistik hesablamalardan geniş istifadə edərək korrelyasiya və müqayisə metodları ilə göstəriciləri təhlil ediblər. Bu isə onların analitik düşünmə bacarıqlarını nümayiş etdirib və təqdimatların elmi dəyərini artırıb.
İclasda məruzələr komissiya üzvləri tərəfindən qiymətləndirilib, tələbələrin elmi fəaliyyətinə yüksək dəyər verilib. Tədbirin sonunda İnsan anatomiyası və tibbi terminologiya kafedrasının müdiri, dosent Anar Abdullayev fəal iştirak edən tələbələri sertifikatlarla təltif edib.
Qeyd edək ki, keçirilən iclas tələbələrin elmi potensialının üzə çıxarılması, klassik və müasir tədqiqat metodlarının birgə tətbiqi, statistik yanaşmaların təşviqi və klinik praktikaya yönəlmiş elmi araşdırmaların inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.