Bizi izləyin:
Heydər Əliyev
Uşaqlar arasında yayılan virus: mütəxəssisdən ciddi xəbərdarlıq

Uşaqlar arasında yayılan virus: mütəxəssisdən ciddi xəbərdarlıq

Professor Nailə Sultanova: İnfluenza A virusu uşaqlar üçün ciddi fəsadlar yarada bilər

Hazırda qızdırma ilə başlayan və uzun müddət davam edən virus infeksiyalarının yayılması müşahidə olunur. Xüsusilə uşaqlar arasında geniş yayılan bu hallar valideynlərdə ciddi narahatlıq doğurur. Mövzu ilə bağlı daha ətraflı məlumat əldə etmək üçün Azərbaycan Tibb Universitetinin II Uşaq xəstəlikləri kafedrasının müdiri, tibb elmləri doktoru, professor Nailə Sultanova ilə əlaqə saxladıq.

Nailə xanımın sözlərinə görə, son aylarda uşaqlar arasında geniş yayılan mövsümi qrip hallarının əsas törədicisi İnfluenza A virusudur. Bu virus yüksək yoluxuculuq xüsusiyyətinə malikdir və əsasən hava-damcı, eləcə də birbaşa təmas yolu ilə yayılır. Mütəxəssis bildirib ki, uşaqlar arasında virusun yayılma intensivliyinin yüksək olması onlarda immun sisteminin tam formalaşmaması və gigiyenik vərdişlərə riayət edilməsinin yetərsizliyi ilə əlaqəlidir. Sosial təmasların sıxlığı, yəni məktəb, bağça virusun sürətli transmissiyası üçün əlverişli mühit yaradır: “Əgər uşaq xəstədirsə, mütləq izolyasiya olunmalı və evdə qalmalıdır. Xəstə halda kollektivə daxil olmaq yolverilməzdir”.

Professor bildirdi ki, İnfluenza A virusu hər yaş dövründə rast gəlinən xəstəlik olsa da, xəstəliyin klinik gedişi uşağın yaşından və immun statusundan asılı olaraq dəyişir. Xüsusilə risk qrupuna daxil olan - xroniki xəstəlikləri, premorbit fonu olan, yəni anemiyadan (qanazlığından), hipotrofiyadan və s. xəstəliklərdən əziyyət çəkən uşaqlarda xəstəlik daha ağır keçir və qısa müddətdə fəsadlarla nəticələnir.

Mütəxəssisin sözlərinə görə, klinik olaraq xəstəliyin inkubasiya dövrü adətən 3-4 gün davam edir, sonrakı mərhələdə isə əlamətlər kəskin başlayır: “İlk simptom intoksikasiya əlamətləridir ki, bu da 39-40 dərəcəyə qədər yüksələn qızdırma ilə müşayiət olunur. Bəzi hallarda dərman müdaxiləsinə baxmayaraq, hərarət uzun müddət yüksək qala bilər. Bundan əlavə, uşaqlarda halsızlıq, baş, əzələ və oynaq ağrıları, göz qapaqlarında ağrılar müşahidə edilir”.

Sonrakı mərhələdə respirator əlamətlər - öskürək, faringit, laringit, traxeit və disfoniya (səsin xırıltılı olması) meydana çıxır. Digər qriplərdən fərqli olaraq bu qripdə rinoreya (burundan seliyin axması) olmur, olduqda da minimal xarakter daşıyır.

Eləcə də uşaqlarda immun sisteminin, xüsusilə yerli immunitetin (sekretor immunoqlobulin A) yaşa uyğun olaraq tam formalaşmaması səbəbindən qastrointestinal simptomlar: ürəkbulanma, qusma və ishal kimi əlamətlər də bu xəstəlik fonunda müşahidə edilir.

Mütəxəssis xəstəliyin ilk əlamətləri göründükdə, valideynləri vaxt itirmədən həkimə müraciət etməyə çağırır: “Ev şəraitində həkim təyinatı olmadan və ya telefonla alınan tövsiyələr əsasında müalicə aparmaq doğru deyil və xəstəliyin ağırlaşmalarına gətirib çıxara bilər. Yanlış müalicə pnevmoniya (sətəlcəm), bronxit, otit (qulaq iltihabı), sinusit, nevroloji ağırlaşmalar (qıcolma, ensefalopatiya və s.) kimi ciddi fəsadlara yol aça bilər”.

N.Sultanova valideynlərin tez-tez yol verdiyi səhvlərdən birinə də diqqət çəkdi: “Başqa bir uşağa təyin edilmiş müalicəni öz uşağına tətbiq etmək yolverilməzdir. Hər bir uşağın orqanizmi fərdidir və dərmanların dozaları uşaqların çəkisinə, yaşına və xəstəliyin ağırlıq dərəcəsinə uyğun müəyyənləşdirilməlidir”.

Onun sözlərinə görə, xəstəliyin yüngül formalarında müalicə, əsasən simptomatik  və dəstəkləyici istiqamətdə aparılır. Orta ağırlıqda və xüsusən risk qrupundan olan uşaqlarda xəstəliyin ilk 48 saatı ərzində antiviral preparatların (simptomatik və dəstəkləyici müalicə ilə yanaşı) da tətbiq olunması məsləhətdir. Ağır klinik gedişdə antiviral preparatlar davam etdirilməli, damardaxili maye balansı korreksiya edilməli, elektrolitlərin monitorinqi aparlmalıdır. Ağırlaşmalar müşahidə edildikdə intensiv terapiya dəstəyi, saturasiya (orqanizmin oksigenlə təminatı) səviyyəsi (SpO < 92%) aşağı olduqda isə, oksigen terapiyası aparılır.

Professor sonda qeyd etdi ki, qripdən qorunmanın ən effektiv yolu gigiyena qaydalarına əməl etmək və peyvəndlənməkdir. Qrip virusları hər il mutasiyaya uğradığı üçün daim yeni ştamlar formalaşır ki, onlara qarşı orqanizmdə dayanıqlı immunitet yaratmaq mümkün deyil. Məsələn, əgər uşaq cari ildə  qripə yoluxubsa, bu o demək deyil ki, virusun başqa ştammı ilə qarşılaşsa, vəziyyət təkrarlanmayacaq. Ona görə də qrip əleyhinə peyvəndləməni hər il aparmaq lazım gəlir. Valideynlər onu da nəzərə almalıdır ki, uşağa peyvənd vurulduqdan yalnız 12-14 gün sonra orqanizmdə antitellər (anticisimlər)  formalaşır.

Paylaş

Dostlarınız ilə paylaşın.