

Azərbaycan Tibb Universitetinin (ATU) I Cərrahi Xəstəliklər kafedrasının təşkilatçılığı və Rezidentura Şöbəsinin dəstəyi ilə rezidentlər üçün “Laparoskopik vərdişlər: bazis bacarıqlar (kamera, alətlər, troakarlar və davranış qaydaları)” mövzusunda praktiki təlim təşkil olunub.
Təlimin açılışında çıxış edən kafedra müdiri, professor Nuru Bayramov laparoskopik cərrahiyyənin müasir tibbdə əhəmiyyətindən, minimal invaziv üsulların üstünlüklərindən və gənc mütəxəssislərin bu sahədə praktiki bacarıqlara yiyələnməsinin vacibliyindən danışıb.
Rezidentlər üzrə məsul şəxs, tibb elmləri doktoru Elman Əzimov təlimin proqramı, məqsədləri və mərhələləri barədə iştirakçılara ətraflı məlumat verib. O, bu tip təlimlərin rezidentlərin nəzəri biliklərinin praktik bacarıqlarla möhkəmləndirilməsində mühüm rol oynadığını vurğulayıb.
Daha sonra təlimçi Taleh Qasımov tərəfindən laparoskopik avadanlıqlardan düzgün istifadə, kamera və alətlərlə işləmə texnikası, troakarların yerləşdirilməsi və əməliyyat zamanı davranış qaydaları praktiki şəkildə nümayiş etdirilib.
Təlim rezidentlər tərəfindən böyük maraqla qarşılanıb, iştirakçılar praktiki məşğələlərdə fəal iştirak edərək suallarını ünvanlayıblar. Sonda bu cür tədris tədbirlərinin gələcəkdə də davam etdirilməsinin vacibliyi qeyd olunub.
