
.jpeg)
31 yanvar tarixində Azərbaycan Tibb Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin dəstəyi və İntellektual Oyunlar Klubunun təşkilatçılığı ilə “2 fevral – Gənclər günü”nə həsr olunmuş “Nə? Harada? Nə zaman?” intellektual yarışı keçirilib.
Gənclərin böyük maraq göstərdiyi yarışda universitetin təlim-tərbiyə işləri üzrə prorektoru Mahir Səfərov və Azərbaycan Tibb Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Qoşqar İsmayılov tələbələrlə görüşüb, onları Gənclər günü münasibətilə təbrik ediblər.
Prorektor Mahir Səfərov çıxışında tələbələrin hər zaman dövlət və universitet tərəfindən diqqət mərkəzində saxlanıldığını qeyd edib, onlara gələcək həyatlarında uğurlar arzulayıb.
24 sualdan ibarət gərgin mübarizənin yekununda “3 Angry Men” komandası ən yüksək xal toplayaraq birinci yerin sahibi olub. İkinci və üçüncü yerləri isə müvafiq olaraq “Veritas” və “Vastator” komandaları qazanıb. Qaliblər kubok, medal və hədiyyələrlə təltif olunub.
Sonda tələbələr bu cür yarışların dünyagörüşünün genişlənməsində, intellektual səviyyənin və əməkdaşlığın inkişafında mühüm rol oynadığını vurğulayıb, təşkilatçılığa görə Qoşqar İsmayılova təşəkkürlərini bildiriblər.
