
Azərbaycan Tibb Universitetində (ATU) uzun illərdir ki, yerli tələbələrlə yanaşı, xarici ölkə vətəndaşları da təhsil alırlar. Hazırda universitetdə 50-dən çox ölkədən olan 2600-ə yaxın xarici tələbə təhsil alır. Əcnəbi tələbələrin sayına görə ATU ölkə universitetləri arasında birinci yerdə qərarlaşaraq, Azərbaycanın təhsil və tibb sahəsinin inkişafına mühüm töhfə verir.
Bu dəfəki müsahibimiz ATU-nun II Müalicə-profilaktika fakültəsinin I kurs tələbəsi, əcnəbi tələbəmiz Younis Hassan Jaffardır (Sudan).
Söhbət zamanı tələbəmiz qeyd edib ki, insanların həyatlarını xilas etmək, onlara yardım göstərmək onun ən böyük arzusudur. Məhz buna görə həyatını tibbə həsr etməyi qərar verib: "Hal-hazırda mən savadlı və insanların güvənə biləcəyi həkim olmaq üçün əlimdən gələni edirəm. Hər zaman cəmiyyətə töhvə vermək istəmişəm. Fikrimcə, həkim ilk növbədə qayğıkeş, mərhəmətli və işinə qarşı məsuliyyətli olmalıdır. Həmçinin, komandada işləməyi və həmkarlarına dəstək olmağı bacarmalıdır. Tibb özündə elm və mərhəməti birləşdirən bir sahədir".
Younis öz ailə üzvlərinə dəstəyə və inama görə dərin təşəkkürünü bildirib. O, vurğuladı ki, bu dəstək ona böyük motivasiya və sevinc hissi bəxş edir.
"Asudə vaxtımda adətən futbol oynayıram. Həmçinin musiqiyə böyük marağım var. Həftəsonu dostlarımla birgə boulinq oynamağı və Bulvarda gəzməyi xoşlayıram. Bakı həqiqətən çox gözəl və muasir şəhərdir", - deyə Younis qeyd edib.
ATU-dakı tədris prosesi haqqında danışan tələbəmiz böyük məmnunluq hissi bildirib. O qeyd edib ki, dərslər maraqlı və interaktiv formatda keçirilir. Tələbələr zəruri bilik və bacarıqları əldə edirlər: "Gələcək tələbələrə əsas məsləhətim müvəqqəti çətinliklərə hazır olun və hər zaman disiplini qoruyun".