Bizi izləyin:
Heydər Əliyev
ATU rəhbərliyi Türkiyənin aparıcı ali təhsil müəssisələrinə işgüzar səfər edib

ATU rəhbərliyi Türkiyənin aparıcı ali təhsil müəssisələrinə işgüzar səfər edib

“Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2025-ci il tarixli, 673 nömrəli Sərəncamının 3.1.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəyli, universitetin beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Orxan İsayev Türkiyə Respublikasına işgüzar səfər ediblər.

Görüşlərdə Azərbaycanın Türkiyədəki Səfirliyinin təhsil məsələləri üzrə müşaviri, dosent Nəcibə Nəsibova da iştirak edib.

Səfər çərçivəsində ATU nümayəndə heyəti Sağlık Bilimleri Universitetini, Ankara Universitetini, Gazi Universitetini və Hacettepe Universitetini ziyarət edib. Ali təhsil müəssisələrinin rəhbər heyətləri ilə keçirilən görüşlərdə ikili diplom proqramlarının həyata keçirilə biləcəyi potensial tədris pillələri və təhsil proqramları ətrafında geniş müzakirələr aparılıb. Həmçinin birgə elmi fəaliyyətin təşkili, akademik heyətin və tələbə-rezidentlərin mübadiləsi, eləcə də birgə elmi tədbirlərin keçirilməsinin əhəmiyyəti vurğulanıb.

Görüşlər zamanı professor Gəray Gəraybəyli ölkəmizdə ali təhsilin keyfiyyətinin artırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı müvafiq Sərəncam barədə türkiyəli həmkarlarına ətraflı məlumat verib.

Səfər zamanı ATU nümayəndə heyəti ziyarət edilən universitetlərin klinikaları, elmi-tədqiqat mərkəzləri və müasir tədris mühiti ilə də yaxından tanış olub.

Paylaş

Dostlarınız ilə paylaşın.