Bizi izləyin:
Heydər Əliyev
Mingəçevirdə pediatriyada süni intellektə həsr olunmuş konfrans keçirilib

Mingəçevirdə pediatriyada süni intellektə həsr olunmuş konfrans keçirilib

Mingəçevir şəhərində Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB və “Lasomedgroup”un dəstəyi ilə Azərbaycan Pediatrlar Assosiasiyasının (APA) “Milli Pediatriya Akademiyası-95 il” yubiley layihəsi çərçivəsində “Ailə təbabətində pediatriya: Süni intellekt və rəqəmsal səhiyyənin rolu” mövzusunda növbəti regional konfrans keçirilib.
Əsas məqsədi müasir ailə təbabətində uşaq sağlamlığının qorunması strategiyalarını təkmilləşdirmək, pediatriyada süni intellekt və rəqəmsal səhiyyənin təqdim etdiyi geniş imkanları, habelə bu sahədəki potensial riskləri və praktik tətbiq üsullarını sübutlu təbabətə əsaslanmaqla dərindən dəyərləndirmək olan konfransın açılışında APA-nın sədri, Avrasiya Uşaq Həkimləri Federasiyasının vitse-prezidenti, ATU-nun II Uşaq xəstəlikləri kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Təranə Tağı-zadə layihənin əhəmiyyətindən danışıb. Qeyd edib ki, Bakıda və regionlarda təşkil olunan bu konfranslar mütəxəssislərin pediatriya sahəsində aktual problemlər, innovativ həllər və yeni yanaşmalara dair dialoquna imkan yaradan mühit formalaşdırır. Eyni zamanda, region həkimlərinin peşəkar təcrübə və bilik mübadiləsi aparması milli səhiyyənin qlobal trendlərə inteqrasiyasına və ölkəmizdə tibbi xidmətin keyfiyyətinin davamlı yüksəlişinə əvəzsiz töhfə verir.
“Ailə təbabətində pediatriya: Süni intellekt və rəqəmsal səhiyyənin rolu” mövzusunda təqdimatla da çıxış edən alim müasir pediatriyanın təməlində duran “evidence-based medicine” (sübutlara əsaslanan tibb) yanaşmasının əhəmiyyətinə toxunub. Bildirib ki, uşaq orqanizminin həssaslığı və müalicənin uzunmüddətli təsirləri bu sahədə etik və hüquqi məsuliyyəti artırır.
T.Tağızadə qeyd edib ki, uşağın inkişaf göstəricilərinin elektron qaydada izlənilməsi patologiyaların erkən diaqnostikasında mühüm addımdır. Alim mobil tətbiqlər vasitəsilə valideynlərlə qurulan davamlı əlaqə və telekonsultasiya xidmətlərinin ucqar bölgələrdə yaşayan sakinlər üçün ixtisaslaşmış pediatrik yardımı daha əlçatan etdiyini deyib. Süni intellektin pediatriyadakı tətbiqi istiqamətlərinə toxunan alim, bu texnologiyanın neyroinkişaf pozuntularının erkən aşkarlanması, habelə gələcəkdə yarana biləcək obezite və diabet risklərinin proqnozlaşdırılmasında əvəzsiz rol oynadığını diqqətə çatdırıb. O həmçinin EKQ, rentgen və laborator analizlərin süni intellekt tərəfindən avtomatik şərhi sayəsində diaqnozlarda dəqiqliyin artdığını və peyvənd təqviminin hər bir uşağın immun sisteminə uyğun olaraq fərdiləşdirilməsinin vacibliyini qeyd edib.
Sonda pediatr əlavə edib ki, texnoloji tərəqqi nə qədər sürətli olsa da, insan həyatı ilə bağlı yekun qərarı süni intellekt deyil, mütləq həkim özü verməlidir. Çünki texnologiya insan şəfqətini və empatiyasını əvəz edə bilməz. Həkim təkcə diaqnoz qoyan mütəxəssis deyil, həm də xəstəyə ürəklə yanaşan, uşaq hüquqlarını və insani dəyərləri hər şeydən uca tutan bir mənəviyyat daşıyıcısı olmalıdır.
Konfransda ATU-nun II Uşaq xəstəlikləri kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Ülviyyə Hacıyeva “Uşaqlarda parapnevmonik effuziya ilə fəsadlaşan pnevmoniyalara dair kliniki keyzlərin təhlili və müalicəsinə dair yeni baxışlar” mövzusunda çıxış edib. Məruzəçi patologiyanın diaqnostikasında müasir metodların rolunu vurğulayaraq, ağırlaşmaların qarşısının alınması üçün tətbiq edilən innovativ terapevtik yanaşmaları auditoriyanın diqqətinə çatdırıb.
Kafedranın dosenti, tibb üzrə fəlsəfə doktoru Fəxriyyə Məmmədova “Displastik fenotipləri olan uşaqların aparılması: pediatr və ailə həkiminin protokollara əsaslanan multidissiplinar yanaşması”na dair təqdimatında beynəlxalq standartlara əsaslanan müalicə üsullarını, eləcə də pediatr və ailə həkimləri üçün protokollara əsaslanan klinik idarəetmə mexanizmlərini ətraflı şəkildə şərh edib.
Kafedranın dosentləri, tibb üzrə fəlsəfə doktorları Lalə Hidayətova “Uşaqlarda hemokolitin differensial diaqnostikası: “qırmızı bayraqlar” və gizli təhlükələr”, Aytəkin Adilova isə “Yenidoğulmuşda Apert sindromu” mövzularında çıxış ediblər.
Tədbirin II sessiyasında Səhiyyə Nazirliyi Milli Hematologiya və Transfuziologiya Mərkəzindən professor Mireldar Babayev, eləcə də dosent Səbinə Cəfərova, invaziv uşaq kardioloqu Elnur İmanov, uzman pediatr Nazlı Şirinova məruzələr təqdim ediblər.
Səhiyyə Nazirliyi tərəfindən 12 DTT balı ilə qiymətləndirilən konfrans iştirakçıların peşəkar biliklərinin artırılması baxımından səmərəli olub.

Paylaş

Dostlarınız ilə paylaşın.