.jpeg)
Özbəkistanın Xarəzm vilayətində I Qlobal Sağlamlıq və Biotibb Beynəlxalq Konfransı keçirilib. BZT Turan Akademiyası və Ürgənc Dövlət Tibb İnstitutunun təşkilatçılığı ilə baş tutan tədbirdə Azərbaycan Tibb Universitetinin (ATU) nümayəndə heyəti ölkəmizi uğurla təmsil edib.
Konfransın açılışında ATU-nun Urologiya kafedrasının müdiri, akademik Sudeyf İmamverdiyev Türk dünyasında elmi inteqrasiyanın əhəmiyyətindən bəhs edib.
Tədbir çərçivəsində ATU-nun Normal fiziologiya kafedrasının müəllimi, biologiya üzrə fəlsəfə doktoru Mehri Seyidbəylinin müəllifi olduğu, bəstəkar Fərahim Sadiq tərəfindən musiqiləşdirilən “Şəhid həkimlər” videoçarxı təqdim olunub və böyük ehtiramla qarşılanıb.
Panel iclaslarında Mehri Seyidbəyli, Pərvin Zülfüqarova, Ülviyyə Cəfərova və Aysel Həşimova müasir təbabətin aktual mövzularına dair məruzələrlə çıxış ediblər. Təcili yardım üzrə mütəxəssislər Xatirə Şirinova-Səfərova və Nigar Cəfərova da təcrübələrini bölüşüblər.
Konfransın sonunda azərbaycanlı alimlərə Özbəkistanın ali təhsil müəssisələri tərəfindən Fəxri Doktor və Fəxri Professor adları təqdim olunub.