Bizi izləyin:
Heydər Əliyev
ATU-da Biotibbi Akademik Yazı üzrə təlim keçirilib

ATU-da Biotibbi Akademik Yazı üzrə təlim keçirilib

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında biotibbi akademik yazı mövzusunda təlim keçirilib

Təlim Genovise Academic Consulting şirkətinin təsisçisi, biologiya üzrə fəlsəfə doktoru Nigar Kərimova tərəfindən aparılıb. Tədbirin təşkilatçıları Əqli mülkiyyətin inkişafı, qrant, patent və elmi ekspertiza şöbəsinin müdiri Aygün Kazımlı və Elmimetrik araşdırma və elmi əməkdaşlıq şöbəsinin müdiri Fatimə Seyidbəyova olub.

Tədbirin açılışında çıxış edən Aygün Kazımlı akademik yazı bacarıqlarının inkişafının müasir elmi fəaliyyətin əsas prioritetlərindən olduğunu vurğulayıb. O, təlimçinin beynəlxalq akademik təcrübəsinin kursun praktik əhəmiyyətini artırdığını qeyd edərək bildirib ki, müasir dövrdə akademik yazı bacarığı hər bir tədqiqatçı üçün zəruri kompetensiyadır. A. Kazımlı yüksək impakt faktorlu jurnallarda məqalə dərc etdirməyin, elmi nəticələri məntiqi və strukturlaşdırılmış formada təqdim etməyin əsas tələblərdən olduğunu diqqətə çatdırıb. Məhz bu ehtiyacı nəzərə alaraq, təlimin praktiki workshop formatında təşkil edildiyini qeyd edən şöbə müdiri, kursun təşkilinə göstərilən dəstəyə görə universitet rəhbərliyinə təşəkkürünü ifadə edib.

Daha sonra çıxış edən Nigar Kərimova akademik yazının yalnız mətn yazmaq deyil, strukturlaşdırılmış və əsaslandırılmış elmi arqument qurmaq prosesi olduğunu diqqətə çatdırıb. Təlim çərçivəsində elmi məqalənin məntiqi quruluşu, IMRAD modeli, problemin düzgün formalaşdırılması, elmi boşluğun göstərilməsi, məqsəd və hipotezin müəyyənləşdirilməsi kimi əsas məsələlər izah olunub.

Eyni zamanda müxtəlif məqalə növləri, jurnal seçimi strategiyası və təqdim olunan işin məzmununa uyğun “manuscript type” müəyyənləşdirilməsinin əhəmiyyətini vurğulayan təlimçi qeyd edib ki, tədqiqatın mahiyyətinə uyğun məqalə növünün seçilməsi dərc olunma ehtimalına birbaşa təsir göstərir. N.Kərimova çıxışında akademik yazıda müzakirə hissəsinin xüsusi rolunu qeyd edərək, ədəbiyyatın sadəcə xülasə edilməsinin deyil, sintez edilməsinin vacibliyini önə çəkib. O, elmi mətnin məntiqi ardıcıllıq, dəqiq metodoloji təsvir və əsaslandırılmış nəticələrlə seçilməli olduğunu bildirib.

Təlimdə süni intellekt alətlərinin akademik yazıda düzgün və etik istifadəsi məsələsinə də toxunan təlimçi qrammatik düzəlişlər, cümlə strukturunun təkmilləşdirilməsi, abstraktın redaktəsi və ədəbiyyat axtarışında bu alətlərin köməkçi vasitə kimi istifadə oluna biləcəyini bildirib. Eyni zamanda o, tam məqalənin avtomatik yazdırılmasının və uydurma istinadlardan istifadənin ciddi etik pozuntu olduğunu, həmçinin ağır nəticələrə səbəb ola biləcəyini diqqətə çatdırıb. N.Kərimova xüsusi olaraq vurğulayıb ki, süni intellekt insan düşüncəsini əvəz etmir, əksinə, onu təkmilləşdirən bir vasitədir.

Həmçinin plagiat halları, o cümlədən birbaşa, parafraz, özündən və mozaik plagiat barədə ümumi məlumat verilib, istinad mədəniyyətinin akademik reputasiya üçün həlledici əhəmiyyət daşıdığı qeyd olunub.

Sonda bildirilib ki, təlim üç gün davam edəcək və proqram çərçivəsində nəzəri biliklərlə yanaşı, praktiki müzakirə və analizlər də aparılacaq.

Tədbir iştirakçıların suallarının cavablandırılması və qarşılıqlı müzakirələrlə yekunlaşıb.

 

Paylaş

Dostlarınız ilə paylaşın.