Bizi izləyin:
Heydər Əliyev
ATU-nun rəhbərliyi Xocalı soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad edib

ATU-nun rəhbərliyi Xocalı soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad edib

Rektor, professor Gəray Gəraybəyli: Şəhidlərimizin xatirəsinə ucaldılmış ən böyük abidə bu gün Qarabağda aparılan bərpa və quruculuq işləridir

Azərbaycan Tibb Universitetinin (ATU) rəhbərliyi Xocalı faciəsi qurbanlarının xatirəsini ehtiramla yad etmək məqsədilə "Ana harayı" abidəsini ziyarət edib. Universitet kollektivi abidə önünə gül dəstələri düzərək şəhidlərin əziz xatirəsinə dərin hörmət və ehtiramlarını bildirib.

Ziyarətdən sonra universitetdə Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Tədbirin əvvəlində faciə qurbanlarının və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan universitetin rektoru, professor Gəray Gəraybəyli bildirib ki, Azərbaycan xalqı artıq 34 ildir Xocalı faciəsini böyük ağrı və ehtiramla anır. Rektor qeyd edib ki, Xocalı faciəsi Azərbaycanın müasir tarixində xüsusi yer tutur. Dinc əhaliyə - qadınlara, uşaqlara və qocalara qarşı törədilmiş vəhşiliklər heç bir hərbi məqsədlə izah oluna bilməz. Silahsız mülki insanlara qarşı həyata keçirilmiş bu qətliam insanlığa qarşı törədilmiş ağır cinayət idi.

G.Gəraybəyli vurğulayıb ki, uzun illər bu hadisəyə yalnız böyük faciə kimi baxılsa da, son illər tarixə yanaşma köklü şəkildə dəyişib: “Tarix göstərir ki, xalqlar məhz ağır sınaqlardan keçərək daha da möhkəmlənir. Azərbaycan xalqı da bu yolu keçdi. 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsindən sonra biz artıq hadisələrə fərqli prizmadan baxırıq. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, tarixi ədaləti təmin etdi və dünyaya öz sözünü dedi”.

Rektor deyib ki, faciənin əsas məqsədi xalqın ruhunu sındırmaq, cəmiyyətdə qorxu və ümidsizlik yaratmaq olsa da, bu mənfur plan baş tutmadı. Azərbaycan xalqı öz birliyini qorudu və nəticədə qalib dövlət kimi öz tarixini yazdı. Çıxışda müasir dövrdə informasiya müharibəsinin böyük aktuallıq daşıdığı diqqətə çatdırılaraq, gənclərin milli maraqları qorumaq və tarixi həqiqətləri düzgün təbliğ etmək baxımından məsuliyyətli olmalarının vacibliyi vurğulanıb. “Qələbə qazanmaq nə qədər çətindirsə, onu qorumaq daha da çətindir. Xalqın birliyi daim möhkəm saxlanılmalıdır”, – deyə rektor əlavə edib.

Daha sonra Xocalı faciəsinə həsr olunmuş videoçarx izlənilib. Burada beynəlxalq müharibə qanunlarının kobud şəkildə pozulduğu, atıcı silahların və ağır artilleriyanın birbaşa silahsız mülki əhaliyə qarşı yönəldildiyi faktlarla bir daha diqqətə çatdırılıb. Kadrlarda şəhərdə heç bir hərbi hədəfin olmadığı, yalnız dinc və əliyalın sakinlərin qəddarlıqla hədəfə alındığı xüsusi vurğulanıb.

İnsan anatomiyası kafedrasının professoru, tibb elmləri doktoru, əslən Xocalıdan olan Mübariz Allahverdiyev çıxışında faciənin həm soyqırımından əvvəlki, həm də sonrakı mərhələlərinə toxunaraq, xatirələrini bölüşüb. O bildirib ki, universitet ölkədə baş verən ictimai-siyasi proseslərə heç vaxt biganə qalmayıb və hər zaman xalqın yanında olub.

Professor qeyd edib ki, 1991-ci ildə Qarabağdan olan bir qrup tələbə imtahanları vaxtından əvvəl verərək ailələrinin yanına qayıtmaq istədiklərini bildirib. Təxminən 60-a yaxın tələbənin müraciəti əsasında müəllimlərin müşayiəti ilə onların bölgəyə yollanması qərara alınıb.

M.Allahverdiyev həmin səfər zamanı Xocalı, Malıbəyli və Şuşa istiqamətlərində olduqlarını, çətin və təhlükəli şəraitdə tibbi və mənəvi yardım göstərdiklərini diqqətə çatdırıb. O, Xocalının blokada vəziyyətində olduğunu, qaz və elektrik enerjisinin kəsildiyini, kəskin ərzaq qıtlığı yaşandığını xatırladıb. Professor atasının da həmin dövrdə Xocalıda olduğunu vurğulayaraq acı bir xatirəsini bölüşüb: “Günlərin birində, gündüz saatlarında evdə tək olarkən mərmi atəşi nəticəsində yaşadığımız evə zərər dəydi. Partlayışın yaratdığı güclü sarsıntı və qorxu atamın səhhətinə ağır təsir göstərdi. Keçirdiyi kəskin stress nəticəsində beyninə qan sızdı və o, həyatını itirdi".

M.Allahverdiyev bildirib ki, 1992-ci ilin fevralında şəhərə hücum nəticəsində dinc sakinlər amansızcasına qətlə yetirilib və Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin çəkdiyi kadrlar bu faciənin dünya ictimaiyyətinə çatdırılmasında əvəzsiz rol oynayıb. Çıxışda Xocalı soyqırımının bütövlükdə Azərbaycan xalqına qarşı törədilmiş ağır cinayət olduğu və bu faciənin heç vaxt unudulmayacağı vurğulanıb.

II Müalicə-profilaktika fakültəsinin tələbəsi Nigar Babayeva bədii-publisistik çıxışında Xocalı soyqırımının insanlıq tarixində misli görünməmiş vəhşilik nümunəsi olduğunu qeyd edib. O bildirib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə şəhər yerlə-yeksan edilib, dinc sakinlər xüsusi amansızlıqla qətlə yetirilib.

Tələbə çıxışında İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində 2008-ci ildə başlanan və 2009-cu ildən fəaliyyət göstərən “Xocalıya ədalət” beynəlxalq kampaniyası haqqında da məlumat verib, təşəbbüsün məqsədinin faciəyə beynəlxalq hüquqi-siyasi qiymət verilməsinə nail olmaq olduğunu vurğulayıb.

Tədbiri yekunlaşdıran rektor bildirib ki, bu gün ölkəmizin hər yerində Xocalı qurbanlarının xatirəsi ehtiramla yad edilir. Şəhidlərimizin xatirəsinə ucaldılmış ən böyük abidə isə bu gün Qarabağda aparılan genişmiqyaslı bərpa və quruculuq işləridir.

 

 

Paylaş

Dostlarınız ilə paylaşın.