
Azərbaycan Tibb Universitetində (ATU) gənclərin gələcək ixtisas seçiminə dəstək məqsədilə növbəti maarifləndirici görüş keçirilib
Milli Məclisin deputatı Nigar Məmmədovanın təşəbbüsü və təşkilatçılığı ilə Abşeron rayonunun Qobu və Güzdək qəsəbələrində yerləşən məktəblərin şagirdləri universitetin tədris mühiti ilə əyani tanış olublar.
Səfərin məqsədi məktəblilərin ali təhsil mühiti haqqında məlumatlandırılması, onlarda tibb sahəsinə marağın artırılması və gələcək peşə seçimində düzgün istiqamətləndirilmələrinə dəstək göstərmək olub.
Tanışlıq çərçivəsində şagirdlər universitetin tədris korpuslarını, laboratoriyalarını və muzeyini ziyarət ediblər. Əczaçılıq fakültəsinin dekanı, dosent Fərəh Mədətli və universitetin digər əməkdaşları onlara ATU-da tədris olunan ixtisaslar, təhsil prosesi, tələbə həyatı və universitetin beynəlxalq əməkdaşlıq imkanları barədə ətraflı məlumat veriblər. Eyni zamanda müasir tibbin inkişaf istiqamətləri, innovativ yanaşmalar, rezidentura mərhələsi və tibb sahəsində gələcək karyera perspektivlərinə dair təqdimatlar keçirilib.
Belə maarifləndirici görüşlərin təşkili məktəblilərin dünyagörüşünün genişlənməsinə, ali təhsil mühiti ilə yaxından tanış olmalarına və gələcək peşə seçimlərini daha düzgün müəyyənləşdirmələrinə mühüm töhfə verir.