Bizi izləyin:
Heydər Əliyev
ATU-da İlaxır Çərşənbə qeyd olunub

ATU-da İlaxır Çərşənbə qeyd olunub

Azərbaycan Tibb Universitetinin (ATU) “Təbib” Tədris İdman Mərkəzində İlaxır Çərşənbə münasibətilə bayram tədbiri keçirilib. Martın 17-də mərkəzin həyətində (kampusda) təşkil olunan tədbir mərkəzin müdiri Qələndər Aslanovun təşəbbüsü ilə tələbələr üçün reallaşdırılıb. Qeyd olunub ki, bu ənənə ötən ildən başlayaraq davam etdirilir.

Tədbir açılış və iştirakçıların salamlanması ilə başlayıb. Aparıcı Novruz bayramının fəlsəfəsi, xalqımızın həyatındakı yeri və rəmzi məna yükü barədə qısa məlumat verib. Bildirilib ki, Novruz təbiətin oyanışı, yenilənmə, birlik və bərəkətin simvolu olmaqla milli-mənəvi dəyərlərimizin daşıyıcısıdır.

Bayram proqramının bədii hissəsi tələbələrin fəal iştirakı ilə yadda qalıb. “Musiqi dayananda don” və “Mahnını tap” kimi əyləncəli oyunlar iştirakçılar arasında maraqla qarşılanıb, komanda yarışları isə tədbirə dinamika qatıb. Ümumi rəqs hissəsində kampusda əsl bayram ab-havası yaranıb.

Proqram çərçivəsində Novruz tapmacaları və bayatı nümunələri də təqdim olunub. Səməni, paxlava və şəkərbura kimi bayram atributları ilə bağlı səsləndirilən tapmacalar tədbirin folklor məzmununu zənginləşdirib.

Tədbirin kulminasiya nöqtəsi ümumi yallı və milli rəqslər olub. Tələbə və müəllimlərin birgə iştirakı ilə keçirilən bu hissə bayramın birlik və həmrəylik ruhunu əks etdirib.

Bayram ənənələrinə uyğun olaraq tonqal qalanıb, iştirakçılar onun üzərindən tullanaraq qədim adəti yaşadıblar.

Tədbirin Ramazan ayına təsadüf etməsi nəzərə alınaraq tələbələr üçün iftar süfrəsi də təşkil olunub. Süfrədə ənənəvi şirniyyatlar və müxtəlif təamlar təqdim edilib.

Sonda iştirakçılar bir-birini bayram münasibətilə təbrik edib, xatirə şəkilləri çəkdiriblər. Tədbir səmimiyyəti və milli ruhu ilə yadda qalıb.

Paylaş

Dostlarınız ilə paylaşın.