
Müqəddəs Ramazan ayı və Novruz bayramı ərəfəsində Azərbaycan Tibb Universitetində təhsil alan şəhid ailələrinin üzvü olan tələbələrlə görüş keçirilib
Tədbiri tərbiyə işləri üzrə prorektor, dosent Mahir Səfərov açaraq, tələbələri qarşıdan gələn müqəddəs Ramazan və Novruz bayramları münasibətilə səmimi qəlbdən təbrik edib. O, tələbələrə universitetin rektoru, professor Gəray Gəraybəylinin təbrik və salamlarını çatdıraraq, xalqımızın qürur və and yeri olan qəhrəmanlarımızın, şəhidlərimizin müqəddəs xatirəsinin həmişə böyük ehtiramla anıldığını söyləyib: “Əziz tələbələr, bilin ki, siz tək deyilsiniz və hər zaman yanınızdayıq. Sizinlə hər görüş dekanlar, müəllimlər və hər birimiz üçün çox xoşdur. Universitet rəhbərliyi, müəllimlər və tələbə təşkilatları hər zaman sizin təhsilinizə, inkişafınıza və gələcəyinizə dəstək olmağa, problemlərinizi həll etməyə hazırdır. Bu bayram günlərində tariximizin bəzi məqamlarını kədərli hisslərlə xatırladaraq özümü və sizi kövrəltmək istəmirəm. Siz igid vətən övladlarının yadigarlarısınız və özünüz də onların adının şərəfini ləyaqətlə qoruyursunuz. Bundan sonra keçdiyiniz yollarda ancaq yaşıl işıq yansın. Hər birinizə firəvan həyat, xoş ovqat arzulayıram!”
Prorektor Tibbi və bioloji fizika kafedrasının professoru, universitet üzrə Qızıl Aypara Cəmiyyətinin sədri Hüseyn Abıyevə xüsusi təşəkkürünü bildirib: “Hüseyn müəllim bayram münasibətilə şəhid ailə üzvlərinə maddi və mənəvi dəstək göstərmək məqsədilə mükafat fondu ayırıb. Eyni zamanda, Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Qoşqar İsmayılov da bu nəcib təşəbbüsə qoşulub, tələbələr üçün əlavə maliyyə yardımı nəzərdə tutub.
Bu diqqət və qayğı bir daha universitet ailəmizin həmrəyliyini, humanist ruhunu nümayiş etdirir”.
Professor Hüseyn Abıyev çıxışında bildirib ki, biz döyüş meydanında qalib gəldiyimiz kimi, elm, diplomatiya və inkişaf sahəsində də həmişə qalib gəlməliyik: “Əminəm ki, indi bu auditoriyada oturan gənclərin səsi, əməlləri və nailiyyətləri gələcəkdə Azərbaycan adını dünya miqyasında daha da ucaldacaq”.
Sonra I Müalicə-profilaktika fakültəsinin dekanı Elşad Novruzov, İctimai səhiyyə fakültəsinin dekanı Qalina Qəniyeva, Stomatologiya fakültəsinin dekanı Elmira Əliyeva və THİK-in sədri Qoşqar İsmayılov da tələbələri təbrik edərək, xoş arzularını çatdırıblar.
Tədbirin sonunda prorektor M.Səfərov tərəfindən tələbələrə hədiyyə paketləri təqdim olunub.