Bizi izləyin:
Heydər Əliyev
Gənclərdə endokrin disbalans mövzusu müzakirəyə çıxarılıb

Gənclərdə endokrin disbalans mövzusu müzakirəyə çıxarılıb

Martın 18-də Tədris Cərrahiyyə Klinikasında rezident həkimlər üçün növbəti elmi seminar keçirilib

 Azərbaycan Tibb Universitetinin (ATU) Rezidentura və magistratura şöbəsi ilə klinikanın Klinik-Diaqnostik Laboratoriya şöbəsinin birgə təşkilat etdiyi seminar “Müasir gənclərdə endokrin disbalanslar: klinik-laborator yanaşma” mövzusuna həsr olunub.

Tədbirin moderatoru, Rezidentura və magistratura şöbəsinin müdir müavini, assistent Namiq Xəlilov çıxışında qeyd edib ki, klinikanın laboratoriya şöbəsi təkcə yüksək səviyyədə tibbi xidmət göstərməklə kifayətlənmir, eyni zamanda universitetdə ixtisaslı kadrların hazırlanmasına mühüm töhfə verir. O, mövzunun aktuallığını vurğulayaraq bildirib ki, gənclərdə endokrin disbalanslar həyat tərzi, qidalanma vərdişləri, stress, genetik amillər və ətraf mühitin təsirləri ilə sıx bağlıdır. Bu baxımdan erkən diaqnostika, vaxtında müvafiq laborator testlərin aparılması və profilaktik tədbirlərin görülməsi xüsusi əhəmiyyət daşıyır.

Klinik-Diaqnostik Laboratoriya şöbəsinin müdiri Leyla Həşimova çıxışında endokrin pozğunluqların düzgün diaqnostikasında laborator analizlərin roluna diqqət çəkib. O bildirib ki, hormon analizlərinin düzgün interpretasiyası və klinik məlumatlarla kompleks şəkildə qiymətləndirilməsi diaqnostik dəqiqliyi artırır, fərdi müalicə planlarının hazırlanmasını asanlaşdırır və uzunmüddətli sağlamlıq nəticələrinə müsbət təsir göstərir.

Mütəxəssis qalxanabənzər vəzi xəstəliklərinin laborator diaqnostikasına da toxunaraq qeyd edib ki, TSH, T3 və T4 göstəriciləri hipotiroidizm, hipertireoz və tiroidit kimi xəstəliklərin aşkarlanmasında mühüm rol oynayır. O, həmçinin anti-TPO və anti-Tg kimi autoimmun markerlərin erkən diaqnostikada və fərdi müalicə yanaşmasının müəyyənləşdirilməsində əhəmiyyətini vurğulayıb.

Seminarda məruzə ilə çıxış edən laboratoriyanın II kurs həkim-rezidenti Sara Cavadzadə gənclərdə hormon disbalanslarının laborator diaqnostikasını geniş şəkildə təqdim edib. O, insulin, qlükoza, lipid profili, LH, FSH, testosteron, prolaktin, kortizol, TSH, T3 və T4 kimi göstəricilərin klinik əhəmiyyətindən danışıb, hormon nisbətlərinin diaqnostik rolu ilə bağlı konkret nümunələr təqdim edib.

Tədbir çərçivəsində geniş müzakirələr aparılıb, iştirakçıların sualları ətraflı şəkildə cavablandırılıb.

Paylaş

Dostlarınız ilə paylaşın.