Bizi izləyin:
Heydər Əliyev
Ümumdünya Vərəmlə Mübarizə Gününə həsr olunmuş tədbir keçirilib

Ümumdünya Vərəmlə Mübarizə Gününə həsr olunmuş tədbir keçirilib

Hər il Ümumdünya Vərəmlə Mübarizə Gününün qeyd olunması vərəm xəstəliyi ilə mübarizənin qlobal əhəmiyyətini bir daha önə çıxarır

 Bu münasibətlə Azərbaycan Tibb Universitetinin Ağciyər xəstəlikləri kafedrasında elmi tədbir keçirilib. 

Tədbiri açan kafedra müdiri, dosent Rafiq Bayramov bildirib ki, bu gün yalnız əlamətdar tarix deyil, eyni zamanda vərəm xəstəliyi ilə bağlı ictimai maarifləndirmənin artırılması baxımından mühüm əhəmiyyət kəsb edir. O qeyd edib ki, vərəm bəşəriyyətin mövcud olduğu dövrdən etibarən müşahidə edilən ən qədim infeksion xəstəliklərdən biridir. Xəstəliyin törədicisinin 144 il əvvəl, vərəm əleyhinə dərmanların isə təxminən 82 il əvvəl kəşf olunmasına baxmayaraq, bu xəstəlik bu gün də qlobal problem olaraq qalmaqdadır.

Tədbirdə pulmonologiya ixtisası üzrə I kurs rezidenti Təhmin Muradov vərəm haqqında geniş məruzə ilə çıxış edərək xəstəliyin mikrobioloji xüsusiyyətləri və statistik göstəriciləri barədə ətraflı məlumat verib.

O bildirib ki, Mycobacterium tuberculosis bakteriyasının kəşfi vərəmin diaqnostika və müalicəsində mühüm dönüş nöqtəsi olub və bu sahədə elmi yanaşmaların inkişafına təkan verib.

Çıxışda vurğulanıb ki, vərəm tənəffüs sistemi xəstəlikləri arasında xüsusi yer tutur və dünyada geniş yayılmış infeksion xəstəliklərdən biridir. Statistik göstəricilərə əsasən, hər il milyonlarla insan bu xəstəliyə yoluxur və yüz minlərlə insan həyatını itirir. Xüsusilə aşağı və orta gəlirli ölkələrdə xəstəliyin yayılması daha yüksəkdir ki, bu da sosial-iqtisadi amillər, qeyri-kafi qidalanma və HIV/AIDS kimi yanaşı infeksiyalarla əlaqələndirilir.

Azərbaycanda vərəmlə mübarizə istiqamətində mühüm tədbirlər həyata keçirilir. Xəstələrin müayinəsi və müalicəsi, o cümlədən dərmana davamlı formaların müalicəsi dövlət tərəfindən təmin olunur. Son illərdə xəstələnmə və ölüm göstəricilərində azalma müşahidə olunsa da, bu sahədə davamlı nəzarətin vacibliyi vurğulanır.

Məruzədə bildirilib ki, klinik olaraq vərəm latent və aktiv formalara bölünür. Latent formada simptomlar müşahidə olunmur və xəstə yoluxdurucu olmur, aktiv formada isə xəstəlik klinik əlamətlərlə özünü göstərir və yoluxdurucu hesab edilir. Xəstəliyin ən çox rast gəlinən forması ağciyər vərəmi olsa da, digər orqan və sistemlərin zədələnməsi halları da mümkündür.

Əsas simptomlar arasında uzunmüddətli öskürək, qanlı bəlğəm, döş qəfəsində ağrı, qızdırma, gecə tərləmələri, arıqlama və ümumi zəiflik qeyd olunur. Diaqnostika məqsədilə rentgen müayinəsi, bəlğəmin mikroskopiyası və müasir molekulyar testlər tətbiq edilir. Müalicənin mərhələli şəkildə, adətən 6 ay müddətində aparıldığı və dərmanların düzgün qəbulu ilə effektiv nəticələrin əldə olunduğu bildirilib. 

Elmi tədbiri yekunlaşdıran R.Bayramov vurğulayıb ki, vərəmlə mübarizə yalnız tibb işçilərinin deyil, bütövlükdə cəmiyyətin üzərinə düşən mühüm vəzifədir. Tədbirdə tələbələr, rezidentlər və professor-müəllim heyəti iştirak edib.

 

 

Paylaş

Dostlarınız ilə paylaşın.