

1–2 aprel 2026-cı il tarixlərində Azərbaycan Tibb Universitetinin II Müalicə-profilaktika fakültəsinin “Ailə təbabəti” kafedrasında Tələbə Elmi Cəmiyyətinin üzvləri arasında kafedradaxili seçim mərhələsi keçirilmişdir.
Tədbirdə kafedranın professor-müəllim heyəti ilə yanaşı, Azərbaycan, rus və ingilis bölmələri üzrə təhsil alan III, IV, V və VI kurs tələbələri iştirak etmişlər.
Seçim mərhələsi çərçivəsində akademik heyət tərəfindən əvvəlcədən müəyyən edilmiş mövzular üzrə müxtəlif kursları təmsil edən 32 tələbə tədris proqramının tematik planına uyğun elmi məruzələrlə çıxış etmişdir.
Tələbələrin çıxışları kafedranın professor-müəllim heyətindən formalaşdırılmış münsiflər heyəti tərəfindən mövzunun aktuallığı, təqdimatın keyfiyyəti, illüstrativ materialların səviyyəsi, nitq mədəniyyəti və praktiki əhəmiyyəti kimi meyarlar əsasında qiymətləndirilmişdir.
Yekun olaraq, 12 tələbə kafedradaxili seçim mərhələsindən uğurla keçərək fakültə Tələbə Elmi Cəmiyyətində iştirak etmək hüququ qazanmışdır.
Tədbirin sonunda münsiflər heyəti tərəfindən seçilmiş ən yaxşı çıxışların müəllifləri kafedra müdiri, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor İbrahim İsayev tərəfindən müvafiq ixtisas üzrə dərsliklərlə təltif olunmuşdur.
