
Azərbaycan Tibb Universitetinin I Müalicə-profilaktika fakültəsinin IV kurs tələbələri Cəfərova Nuray və Sadıxova Ləman 26 mart 2026-cı il tarixində Latviya Respublikasının paytaxtı Riqa şəhərində təşkil olunmuş “University of Latvia 2026 Medicine and Health Sciences” mövzusunda beynəlxalq elmi konfransda iştirak ediblər.
Konfrans çərçivəsində müasir tibbin aktual problemlərinə həsr olunmuş tələbə elmi tədqiqat işləri təqdim olunub.
Cəfərova Nuray mamalıq və ginekologiya sahəsi üzrə (mamalıq və ginekologiya kafedrası) “Gestational Tachycardia: An Underestimated Clinical Red Flag” mövzusunda elmi-tədqiqat işini təqdim edib.
Sadıxova Ləman isə oftalmologiya sahəsi üzrə (oftalmologiya kafedrası) “Ophthalmic Complications After COVID-19” mövzusunda elmi-tədqiqat işini təqdim edib.
Təqdim olunan elmi işlər konfrans iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb və geniş müzakirələrlə müşayiət olunub.
Konfransın yekunlarına əsasən, təqdim edilən tezislər Scopus beynəlxalq elmi bazasında indeksləşən (Q3) “Proceedings of the Latvian Academy of Sciences” jurnalında dərc olunmaq üçün qəbul edilib.
Qeyd olunan beynəlxalq konfransda iştirak tələbələrin elmi və peşəkar inkişafında mühüm mərhələ olub.
Tələbələrə beynəlxalq elmi mühitdə Azərbaycan Tibb Universitetini layiqincə təmsil etmək imkanı yaradıldığı üçün universitetə minnətdarlıqlarını bildirirlər.