Bizi izləyin:
Heydər Əliyev
ATU-da “Sağlam dünya - sağlam gələcək” adlı tədbir keçirilib

ATU-da “Sağlam dünya - sağlam gələcək” adlı tədbir keçirilib

Azərbaycan Tibb Universitetində 7 aprel - Ümumdünya Sağlamlıq Gününə həsr olunmuş “Sağlam dünya - sağlam gələcək” adlı tədbir təşkil olunub.

Tədbirin təşkilatçısı, İctimai sağlamlıq və səhiyyənin təşkili kafedrasının müdiri, dosent Yaqut Hacıyeva iştirakçıları bu əlamətdar gün münasibətilə təbrik edib.

Dövlət Himni səsləndirildikdən sonra tədbirin aparıcısı, İctimai səhiyyə fakültəsinin tələbə dekanı Aytac Məmmədova qonaqları salamlayaraq tədbirin əhəmiyyətini vurğulayıb.

Tədris işləri üzrə prorektor, professor Anar Ağayev çıxışında bildirib ki, Ümumdünya Sağlamlıq Günü təkcə universitet daxilində deyil, ölkəmizdə fəaliyyət göstərən bir çox səhiyyə müəssisələrində və Səhiyyə Nazirliyinin tabeliyində olan qurumlarda da geniş şəkildə qeyd olunur. O vurğulayıb ki, bu cür tədbirlər əhalinin sağlamlığının qorunması baxımından mühüm əhəmiyyət kəsb edir və bu istiqamətdə yalnız müalicə deyil, eyni zamanda maarifləndirmə və erkən diaqnostika tədbirləri də xüsusi rol oynayır.

Elmi işlər üzrə prorektor, professor Məlahət Sultan söyləyib ki, sağlamlıq mövzusu yalnız bir günlə məhdudlaşmır. O qeyd edib ki, insan həyatının hər anı dəyərlidir və bu dəyərin qədrini bilmək hər kəsin borcudur. Pandemiya dövründə əldə olunan təcrübəyə toxunan prorektor, sağlamlığın insan üçün ən böyük nemət olduğunu xatırladıb və “cansağlığı” arzusunun əsl mənasının məhz çətin dövrlərdə daha dərindən dərk edildiyini vurğulayıb. 

Tərbiyə işləri üzrə prorektor, dosent Mahir Səfərov isə ictimai səhiyyə sahəsində keçirilən bu cür təşəbbüslərin uzunmüddətli və davamlı təsirə malik olduğunu bildirib. O diqqətə çatdırıb ki, belə tədbirlər tələbələrin peşəkar bilik və bacarıqlarının inkişafına, elmi və praktik təcrübələrinin zənginləşməsinə mühüm töhfə verir.

Daha sonra tələbələrin təşəbbüsü ilə hazırlanmış, sağlam həyat tərzini əks etdirən videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edən Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin həkim-metodisti Teymur Musaoğlu ictimai səhiyyənin əhəmiyyətindən danışıb. O bildirib ki, ictimai səhiyyə cəmiyyətin həyat keyfiyyətini müəyyən edən əsas sahələrdən biridir. Müasir dövrdə səhiyyə sahəsində müxtəlif rəqəmsal platformaların, innovativ layihələrin və xidmətlərin mövcud olduğunu qeyd edən natiq, bu imkanların həm mütəxəssislər, həm də vətəndaşlar üçün geniş perspektivlər açdığını vurğulayıb. O, yerli platformaların inkişafının vacibliyini qeyd edərək, bu sahədə istifadəçilərin aktiv iştirakının əhəmiyyətini diqqətə çatdırıb.

İctimai sağlamlıq və səhiyyənin təşkili kafedrasının əməkdaşı Nigar Yusifova da çıxış edərək süni intellektin səhiyyədə tətbiqi mövzusuna diqqət çəkib. O bildirib ki, süni intellekt məlumatların təhlili əsasında qərarverməni sürətləndirir və tibbin müxtəlif sahələrində - radiologiya, onkologiya, dərman kəşfi və robotik cərrahiyyədə geniş şəkildə tətbiq olunur. Bu texnologiyalar diaqnostikanın dəqiqliyini artırır və müalicə prosesini daha səmərəli edir.

Kafedranın digər əməkdaşı Kamran Abbasov isə iqlim dəyişikliyi və onun ictimai sağlamlığa təsiri barədə çıxış edib. O, şəhər istilik adaları effekti haqqında məlumat verərək qeyd edib ki, urbanizasiya nəticəsində şəhərlərdə temperatur ətraf ərazilərlə müqayisədə daha yüksək olur və bu hal xüsusilə uşaqlar və yaşlı insanlar üçün risk yaradır. Bu problemin həlli üçün yaşıllıq sahələrinin artırılması və digər mexanizmlərin tətbiqinin vacibliyi vurğulanıb.

Tədbir çərçivəsində tələbələrin iştirakı ilə sağlam həyat tərzini təbliğ edən səhnəcik təqdim olunub. Səhnəcikdə tələbə aktyorlar - Ruslan Dursunov (insan), Familə Babazadə (ürək), Aydan Paşayeva (ağciyər), Fatimə Salahova (mədə), Türkan Əlizadə (böyrək) və Fatimə Səftərova (beyin) öz rollarını yüksək peşəkarlıqla canlandıraraq tamaşaçıların alqışlarını qazanıblar.

Tədbirin sonunda təşkilatçı Y.Hacıyeva və prorektorlar tərəfindən fəal tələbələr sertifikat və hədiyyələrlə təltif olunub.

Paylaş

Dostlarınız ilə paylaşın.