
Aprelin 9-da Azərbaycan Tibb Universitetinin Stomatologiya fakültəsinin Tələbə Elmi Cəmiyyətinin (TEC) 51-ci konfransı Xarici dillər kafedrasında öz işini davam etdirib.
Tədbirdə açılış nitqi ilə çıxış edən Xarici dillər kafedrası TEC-in sədri Gülnar Allahverdiyeva konfransın tələbələr üçün yalnız elmi biliklərin artırılması baxımından deyil, eyni zamanda peşəkar bacarıqların formalaşması üçün mühüm platforma olduğunu vurğulayıb:
“Bu konfrans tələbələrə yalnız elmi təcrübə qazandırmır, həm də onların təqdimat bacarıqlarını inkişaf etdirməsinə, analitik düşüncə tərzini formalaşdırmasına və həmkarları ilə səmərəli fikir mübadiləsi aparmasına şərait yaradır. Biz tələbələrin potensialını və yaradıcılıq imkanlarını maksimum dərəcədə üzə çıxarmağa çalışırıq.”
Konfrans çərçivəsində tələbələr çıxışlarını ingilis, alman və Azərbaycan dillərində təqdim ediblər. Belə çoxdilli yanaşma tədbirin beynəlxalq standartlara uyğun təşkil olunduğunu bir daha nümayiş etdirib. Ümumilikdə 20 tələbə əsas məruzəçi kimi seçilib və onların çıxışları münsiflər heyəti tərəfindən obyektiv meyarlar əsasında qiymətləndirilib.
Tədbir zamanı tələbələrin hazırlıq prosesini əks etdirən qısa videoçarx da nümayiş olunub. Video konfransın dinamik və interaktiv mühitini canlandırmaqla yanaşı, tələbələrin komanda işi və tədqiqat bacarıqlarını da ön plana çıxarıb.
Konfrans maraqlı müzakirələrlə müşayiət olunan sual-cavab sessiyası ilə yekunlaşıb. Məruzə ilə çıxış edən bütün tələbələr sertifikatlarla təltif olunub, fərqlənən iştirakçılara isə diplomlar təqdim edilib.
Tədbirdə həmçinin Stomatologiya fakültəsinin dekanı, dosent Elmira Əliyeva, ATU TEC-in elmi rəhbəri, dosent Nərgiz Məmmədova və Stomatologiya fakültəsi TEC-in elmi rəhbəri, dosent Aybəniz Qadaşova iştirak ediblər.