
Azərbaycan Tibb Universitetinin Əczaçılıq fakültəsində təhsil alan Teymur Rəhimov qısa müddətdə həm elmi fəaliyyəti, həm də tələbə liderliyi ilə seçilən gənclərdən birinə çevrilib. Hazırda fakültənin tələbə dekanı kimi fəaliyyət göstərən IV kurs tələbəsi T.Rəhimov universitet həyatını yalnız təhsil çərçivəsində deyil, həmçinin inkişaf, təşəbbüs və məsuliyyət müstəvisində dəyərləndirən gənclərdəndir.
Əczaçılıq fakültəsini seçmə səbəblərindən danışan tələbə onun üçün bu sahənin yalnız peşə deyil, insan sağlamlığına birbaşa təsir edən strateji istiqamət olduğunu qeyd edib. Dərman vasitələrinin hazırlanması, keyfiyyəti və təhlükəsizliyi kimi məsələlərə marağı bu seçimi əsaslandırıb.
ATU-nu güclü akademik ənənələri və peşəkar kadr hazırlığı ilə seçilən nüfuzlu ali təhsil müəssisəsi kimi dəyərləndirən Teymur üçün bu seçim gələcək hədəflərinə aparan yolun başlanğıcıdır.
Hələ I kursdan Tələbə Elmi Cəmiyyətində fəal iştirak edən Teymur ilk elmi işi ilə akademik mühitə daxil olub. Bu fəaliyyət onun düşüncə tərzində yeni mərhələnin başlanğıcını qoyub.
T.Rəhimov tələbə dekan vəzifəsini formal status deyil, məsuliyyətli missiya kimi qəbul edir. O, tələbələrin maraqlarını təmsil etməyi, onların problemlərinə həssas yanaşmağı və fakültədə sağlam tələbə mühitinin formalaşmasına töhfə verməyi əsas prioritet hesab edir. Onun yanaşmasına görə, tələbə dekan tələbələrlə rəhbərlik arasında körpü rolunu oynayan, təşəbbüsləri düzgün istiqamətləndirən bir fiqurdur.
Teymur tələbə həyatını yalnız dərs prosesi ilə məhdudlaşdırmır. Hesab edir ki, universitet illəri gəncin həm akademik, həm sosial, həm də peşəkar baxımdan formalaşdığı ən vacib mərhələdir. Bu səbəbdən tələbələrin müxtəlif imkanlardan yararlanması, öz potensiallarını kəşf etməsi və gələcək karyeralarına hazırlaşması üçün təşəbbüslərlə çıxış edir. Teymur, həmçinin tələbələrlə iş dünyası arasında əlaqələrin qurulmasında da iştirak edir.
Teymurun tələbəlik yolu bir daha sübut edir ki, uğur yalnız yüksək bal toplamaqla ölçülmür. Əsl uğur bilikləri məqsədə çevirmək, imkanlardan düzgün istifadə etmək və cəmiyyətə faydalı olmağa çalışmaqdan ibarətdir.