Bizi izləyin:
Heydər Əliyev
ATU-da ATUREK 14 - “Yüksəlişə Doğru” adlı rezident və magistrantların elmi-praktik konfransı keçirilib

ATU-da ATUREK 14 - “Yüksəlişə Doğru” adlı rezident və magistrantların elmi-praktik konfransı keçirilib

  Azərbaycan Tibb Universitetində (ATU) ATUREK 14 - “Yüksəlişə Doğru” adlı rezident və magistrantların elmi-praktik konfransı keçirilib.

      Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin universitetin foyesində yerləşən büstü önünə gül dəstələri qoyaraq ulu öndərin əziz xatirəsini ehtiramla yad ediblər. Daha sonra Dövlət Himni səsləndirilib, Vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb və konfrans rəsmi olaraq öz işinə başlayıb.

        Tədbirdə salamlama nitqi ilə çıxış edən rektor, professor Gəray Gəraybəyli ənənəvi olaraq hər il keçirilən ATUREK konfransının bu il də Ümummilli Liderin xatirəsinə həsr olunduğunu diqqətə çatdırıb. Rektor vurğulayıb ki, bu konfrans gənc tədqiqatçıların elmi potensialının inkişafı və müasir bilik mübadiləsi üçün mühüm platformadır.

     Gəray Gəraybəyli universitetin illər ərzində yetişdirdiyi mütəxəssislərin həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə milli səhiyyə sistemini layiqincə təmsil etməsindən də danışıb. O, həmçinin Ümummilli Liderin əsasını qoyduğu səhiyyə strategiyasının bu gün innovativ islahatlarla davam etdirildiyini və xüsusilə 44 günlük Vətən müharibəsində tibb işçilərinin fədakarlığının bu sahənin vətənpərvərlik ruhunu bir daha göstərdiyini qeyd edib.

     Konfrans iştirakçılarını Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayevin adından salamlayan nazir müavini Nadir Zeynalov bildirib ki, ölkədə həyata keçirilən islahatlar nəticəsində tibb təhsili müəssisələrinin sayı artıb, yeni fakültələr və beynəlxalq əməkdaşlıqlar formalaşıb. Onun sözlərinə görə, bu proseslərin əsas məqsədi yüksək ixtisaslı kadrların hazırlanması və səhiyyə xidmətlərinin keyfiyyətinin daha da artırılmasıdır. Müasir həkimin yalnız nəzəri biliklə deyil, eyni zamanda elmi düşüncə və tədqiqat bacarıqları ilə seçilməli olduğunu vurğulayan nazir müavini, konfransın gənc tədqiqatçılar üçün mühüm təcrübə platforması olduğunu qeyd edib.

    İ.M. Seçenov adına Birinci Moskva Tibb Universitetinin Bakı filialının rektoru, professor Əziz Əliyev çıxışında müasir tibbin əsasını təşkil edən sübutlu təbabətin və beynəlxalq protokolların tətbiqinin əhəmiyyətindən danışıb. O bildirib ki, həkimlər daim öz biliklərini yeniləməli və elmi tədqiqatlara inteqrasiya olunmalıdırlar.

    Daha sonra ATUREK -  14 konfransına həsr olunmuş “Yüksəlişə doğru” adlı videoçarx nümayiş etdirilib.

    Ardınca çıxış edən Rezidentura və magistratura şöbəsinin müdiri, dosent İlhamə Mustafayeva rezidentura və magistratura təhsilinin gənc mütəxəssislərin hazırlanmasında mühüm rol oynadığını vurğulayıb. O qeyd edib ki, ölkədə səhiyyə sahəsində aparılan islahatlar, təhsil proqramlarının beynəlxalq standartlara uyğunlaşdırılması və praktik biliklərin gücləndirilməsi bu sahənin inkişafını təmin edir.

    Ağız və üz-çənə cərrahiyyəsi üzrə V kurs həkim-rezident Sürəyya İsgəndərova isə çıxışında öz təəssüratlarını bölüşərək bildirib ki, uğur yolu çətinliklərdən keçir. Onun sözlərinə görə, əzmkarlıq, zəhmət və davamlı inkişaf sayəsində bütün maneələri aşmaq mümkündür və əldə olunan nəticələr məhz bu zəhmətin bəhrəsidir.

    Rəsmi açılış mərasimi Azərbaycanın xalq artisti Mənsum İbrahimovun tarda xalq artisti Elçin Həşimov və kamançada əməkdar artist Elnur Əhmədovun müşayiəti ilə ifa etdiyi musiqi sədaları altında yekunlaşıb.

    Açılışdan sonra konfransın elmi hissəsi 15 panel üzrə işini davam etdirib və müxtəlif istiqamətlərdə elmi məruzələr təqdim olunub.

Paylaş

Dostlarınız ilə paylaşın.