Azərbaycan Tibb Universitetinin (ATU) Hərbi Tibb Fakültəsində Tələbə Elmi Cəmiyyətinin hərbi təbabətin aktual məsələlərinə və innovativ həllərə həsr olunmuş VIII konfransı keçirilib.
Konfransda çıxış edən Hərbi Tibb Fakültəsinin rəisi, tibb xidməti polkovniki Məharət Rzayev gənc kadrların elmi hazırlığının ordumuzun gələcəyi üçün vacibliyini vurğulayıb.
Digər çıxışçılar - Müdafiə Nazirliyi Tibb İdarəsi rəisinin müavini, tibb xidməti polkovniki Roman Çobanov və Milli Müdafiə Universiteti Hərbi Elmi Tədqiqat İnstitutunun rektor müavini, professor, polkovnik Rəşad Tahirov da hərbi tibb sahəsindəki elmi tədqiqat işlərinin əhəmiyyətini və bu işlərin gənc tələbə və kursantların gələcək karyerasındakı mahiyyətini izah edib ordumuzun gələcək nümayəndələrinin elmi fəaliyyətlərini yüksək qiymətləndiriblər.
ATU-nun Elmi-Tədqiqat idarə olunma Departamentinin şöbə müdiri, professor Fatimə Seyidbəyova və ATU TEC-in elmi rəhbəri, dosent Nərgiz Məmmədova çıxışlarında elmi-tədqiqat işlərinin metodologiyası və beynəlxalq əməkdaşlıq perspektivlərinə toxunaraq, gənc tədqiqatçılara gələcək işlərində uğurlar arzulayıblar.
Tədbir zamanı Hərbi Tibb Fakültəsi TEC-in bir illik fəaliyyəti barədə hesabat dinlənilib. Milli təhlükəsizlik və hərbi elmlər üzrə fəlsəfə doktoru, tibb xidməti polkovnik-leytenantı Saleh Əhmədov ötən bir il ərzində görülən işləri, əldə olunan nailiyyətləri və gələcək hədəfləri konfrans iştirakçılarının diqqətinə çatdırıb.
Tədbirdə xüsusi vurğulanıb ki, hərbi həkimlik həm fədakarlıq, həm də dərin bilik tələb edən bir peşədir. Vətən Müdafiəsi zamanı "güllə yağışı" altında yaralıların həyatını xilas edərək qəhrəmanlıq dastanı yazan şəhid və qazi həkimlərimizin yolu bu gün gənc kursantlar tərəfindən həm elmdə, həm də xidmətdə qürurla davam etdirilir.
Konfransın yekununda təqdim olunan innovativ təkliflər və müalicə metodları hərbi tibb elminin inkişafına yeni töhfələr verəcəyinə dair böyük ümidlər yaradıb.