
Bakı Kitab Mərkəzində Azərbaycan Tibb Universitetinin (ATU) Nevrologiya kafedrasının müdiri, professor Aytən Məmmədbəylinin baş redaktorluğu ilə nəşr olunan “Nevrologiyada tibbi genetika” dərsliyinin təqdimat mərasimi keçirilib
Tədbirdə ATU-nun rektoru, professor Gəray Gəraybəyli çıxış edərək belə fundamental elmi nəşrlərin ölkədə tibb elminin inkişafı baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıb və müəllif kollektivini təbrik edib.
Daha sonra Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru, professor Nazim Pənahov, həmin institutun Nevrologiya və klinik neyrofiziologiya kafedrasının müdiri, professor Rəna Şirəliyeva və digərləri çıxış edərək dərsliyin tibbi genetika və nevrologiya sahələrinin inkişafına mühüm töhfə verəcəyini qeyd edibər və redaksiya heyətinə gələcək elmi fəaliyyətlərində uğurlar arzulayıblar
Qeyd edək ki, ATU-nun Nevrologiya kafedrasının əməkdaşları tərəfindən hazırlanmış dərslikdə sinir sisteminin irsi və genetik xəstəlikləri, genetik mutasiyaların nevroloji patologiyalarda rolu, molekulyar-genetik mexanizmlər, genetik analiz və diaqnostika üsulları, həmçinin mitoxondrial və neyrodegenerativ xəstəliklərin genetik əsasları əhatə olunub.
Eyni zamanda Azərbaycan dilində nevrologiyada tibbi genetika sahəsinə həsr olunmuş ilk fundamental nəşrlərdən biri hesab olunan dərslik tibb tələbələri, rezidentlər, nevroloqlar, genetiklər, neyrocərrahlar, psixiatrlar və digər ixtisaslı həkimlər üçün nəzərdə tutulub.