
Azərbaycan Tibb Universiteti (ATU) Qazaxıstanın Astana şəhərində keçirilən Avrasiya Otolarinqoloqlar Assambleyasında uğurla təmsil olunub. ATU-nun Qulaq, burun və boğaz xəstəlikləri kafedrasının müdiri, professor Vəfa Pənahian Assambleya çərçivəsində təşkil olunan “Otolarinqologiyada yeni aspektlər – baş və boyun cərrahiyyəsi” adlı beynəlxalq elmi-praktik konfransda iştirak edib.
Tədbirdə professor V.Pənahianın "Odontogen haymorit: cərrahi müalicə taktikasının seçimi" adlı məruzəsi böyük maraqla qarşılanıb.
Konfrans LOR xəstəliklərinin müalicəsində müasir üsullarını müzakirəsi, otolarinqologiya və baş-boyun cərrahiyyəsində innovativ texnologiyaların tətbiqi, beynəlxalq əməkdaşlığın gücləndirilməsi və müxtəlif ölkələrin mütəxəssisləri arasında təcrübə mübadiləsi məqsədini daşıyıb.
Qazaxıstanın Səhiyyə Nazirliyinin dəstəyi, “Qazaxıstan Milli Elmi Birliyi: Otolarinqologiya – Baş və Boyun Cərrahiyyəsi” və Astana Tibb Universiteti tərəfindən təşkil olunan tədbir Əməkdar xadim, Milli Elmlər Akademiyasının akademiki, Otolarinqologiya kafedrasının müdiri, professor Rais Tulebayevin 85 illik yubileyinə həsr olunub.
Beynəlxlaq tədbirə Qazaxıstanla yanaşı, Azərbaycan, Rusiya, Özbəkistan, Tacikistan, Polşa, Çexiya və Bolqarıstan nümayəndələri də qatılıblar.