Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında ATU-nun I Müalicə-Profılaktika Fakültəsinin təşkilatçılığı və “AzerMDS - Həkimlər və Təbib Tələbələr" İctimai Birliyinin dəstəyi ilə “Sepsisə multidisiplinar yanaşma” mövzusunda elmi konfrans keçirilib.
Tədbirdə çıxış edən Patoloji fiziologiya kafedrasının müdiri, professor Sabir Əliyev sepsis mövzusunun müasir tibbin ən aktual problemlərindən biri olduğunu vurğulayıb. Sepsisin sürətli gedişi və yüksək ölüm riski ilə seçildiyini və ciddi patologiya olduğunu önə çəkən professor bu səbəbdən hər bir mütəxəssisin xəstəliyə xüsusi həssaslıqla yanaşmasının vacibliyini nəzərə çatdırıb.
Daha sonra çıxış edən ATU-nun tərbiyə işləri üzrə prorektoru, dosent Mahir Səfərov son dövrlərdə universitetdə keçirilən elmi konfransların artıq ənənə halı aldığını qeyd edib. Prorektor bu qəbildən olan tədbirlərin tələbə və əməkdaşların elmə, təhsilə və universitetə olan məsuliyyətinin göstəricisi kimi dəyərləndirib.
Sepsis mövzusunun daim aktuallığını qoruduğunu da vurğulayan M.Səfərov bu baxımdan konfransın xüsusi əhəmiyyətə malik olduğunu önə çəkib.
ATU-nun I Müalicə-Profılaktika fakültəsinin dekanı, dosent Elşad Novruzov çıxışında qeyd edib ki, konfransın əsas məqsədi sepsis və septik şokla bağlı müasir yanaşmaların multidisiplinar formatda müzakirəsidir. Həmçinin məqsəd sepsisin histoloji əsaslarından başlayaraq sitokin fırtınası, mikrobioloji xüsusiyyətlər, erkən diaqnostika, farmakoloji müalicə, intensiv terapiya, təcili tibbi yardım və cərrahi müdaxilə prinsiplərini geniş şəkildə təqdim etməkdir.
Onun sözlərinə görə, sepsis yüksək ölüm göstəriciləri, sürətli klinik gedişi və kompleks yanaşma tələb etməsi səbəbindən səhiyyə sistemi üçün ciddi çağırış olaraq qalır. Dekan konfransın tələbə və gənc həkimlər üçün nəzəri biliklərin klinik praktikaya inteqrasiyası baxımından mühüm əhəmiyyət daşıdığını, belə elmi platformaların multidisiplinar əməkdaşlığın inkişafına töhfə verdiyini də diqqətə çatdırıb.
“AzerMDS Həkimlər və Təbib Tələbələr" İctimai Birliyinin sədri Gülay Novruzova təşkilatın fəaliyyətindən söz açıb. Birliyin gənc həkim və tələbələrin inkişafına yönəlmiş müxtəlif layihələrin icrasını həyata keçirdiyini deyən G. Novruzova gələcəkdə bu istiqamətdə fəaliyyətin artırılacağını qeyd edib.
Müxtəlif aktual mövzuları əhatə edən elmi məruzələrlə davam edən konfransda dosent Günel Əyyubova, dosent Aidə Qasımova, professor Həqiqət Qədirova, assistent Təranə Sadıqova, dosent Şəhla Qasımova, assistent Namaz İbrahimov, dosent Fatimə Abdulkərimova, assistent Bəyaz Namazova və assistent Tapdıq Məmmədov çıxış ediblər.
Tədbir çərçivəsində həmçinin Yoluxucu xəstəliklər kafedrasının baş laborantı Hökümə Məmmədovanın təqdimatında “Sepsisin klinik təhlili” vorkşopu təşkil olunub.
Müzakirələrlə savam edən konfransın sonunda iştirakçılara sertifikatlar təqdim edilib, aktiv iştirakçılar mükafatlandırılıblar.