
Azərbaycan Tibb Universiteti (ATU) və Azərbaycan Psixiatriya Assosiasiyasının birgə təşkilatçılığı ilə Qarabağ Universitetində (QU) ilk irimiqyaslı elmi-tibbi konqres keçirilib.
QU-nun da təşkilati dəstək verdiyi Azərbaycan Psixiatriya Assosiasiyasının VIII Elmi və Hesabat-Seçki Konqresinə ölkənin müxtəlif bölgələrini təmsil edən psixiatr, narkoloq, professor, dosent, tibb müəssisələrinin rəhbərləri, gənc mütəxəssis və rezidentlər qatılıb.
Konqres müasir psixiatriyanın aktual problemləri, psixi sağlamlığın qorunması, müharibə və travmanın psixi nəticələri, uşaq və yeniyetmə psixiatriyası, asılılıq problemləri, reabilitasiya və innovativ müalicə yanaşmalarına həsr olunub.
Konqresin təşkili və elmi proqramının həyata keçirilməsində Azərbaycan Tibb Universitetinin Psixiatriya kafedrasının professor, dosent və müəllimlərdən ibarət 12 əməkdaşı xüsusi fəallıq göstərib, elmi məruzələrlə çıxış edıb və geniş peşəkar müzakirələr aparıblar.
Elmi-tibbi konqres çərçivəsində keçirilən AzPA-nın VIII Hesabat-Seçki iclasında Assosiasiyanın Nizamnaməsinə dəyişikliklər edilib, 25 nəfərlik Şura (Plenum), Təftiş-Nəzarət Komitəsi və Etika Komitəsi seçilib.
Tədbir Qarabağda elmi mühitin inkişafı, tibb elminin inteqrasiyası və beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.