Azərbaycan Tibb Universitetində (ATU) İnsan anatomiyası və tibbi terminologiya kafedrasının professoru Mübariz Allahverdiyevin “Xocalı harayı” kitabının təqdimatı keçirilib.
ATU və “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə universitetin Tərbiyə işləri üzrə prorektoryu, dosent Mahir Səfərov “Xocalı harayı” kitabının əhəmiyyətindən bəhs edərək, xalqımızın həmin dövrdə son dərəcə ağır və faciəli günlər yaşadığını vurğulayıb.
Görkəmli alim və pedaqoq M.Allahverdiyevin tibb təhsilinin inkişafına verdiyi töhfələri də yüksək qiymətləndirən M.Səfərov qeyd edib ki, onun xüsusilə insan anatomiyası sahəsində tələbələrə aşıladığı biliklər bu gün də yüzlərlə həkimin peşə fəaliyyətində mühüm rol oynayır.
Prorektor vurğulayıb ki, M.Allahverdiyev təkcə bacarıqlı pedaqoq deyil, həm də zəngin yaradıcılıq irsinə malik ziyalıdır. Müəllifin elmi və bədii əsərlərində vətənə məhəbbət, torpağa bağlılıq və xalqımızın taleyində mühüm yer tutan hadisələr öz əksini tapıb. O, torpaqların azad edilməsindən sonra müəllifin yaradıcılığında yeni ruh və yüksəlişin hiss olunduğunu, əsərlərinin bu gün də geniş oxucu auditoriyası tərəfindən maraqla qarşılandığını bildirib.
“Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin sədri Şamil Sabiroğlu da çıxışında soyqırım zamanı dinc əhaliyə qarşı törədilmiş vəhşiliklərdən danışıb, 613 nəfərin bir gecədə amansızlıqla qətlə yetirildiyini xatırladıb. Ş.Sabiroğlu “Xocalı harayı” kitabının bu faciəvi həqiqətlərin həm Azərbaycan, həm də dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynadığını qeyd edib.
Həmin dövrdə baş həkim vəzifəsində çalışmış Tariyel Eyvazov isə çıxışında qanlı hadisələr zamanı rəhbərlik etdiyi kollektivin yaralıların həyata qaytarılması istiqamətində fədakar fəaliyyətindən bəhs edib, həmin günləri böyük ürək ağrısı ilə xatırladığını bildirib.
Daha sonra professor Mübariz Allahverdiyevin həyat və yaradıcılıq yolunu əks etdirən video-rolik nümayiş etdirilib.
Tədbirdə çıxış edənlərdən Milli Qəhrəman Şirin Mirzəyevin həyat yoldaşı Flora Qasımova, İnsan anatomiyası və tibbi terminologiya kafedrasının müdiri, professor Nəriman Mövsümov, eləcə də Ədalət Məhərrəmov, Mövsümağa Ədalətoğlu və digər natiqlər erməni işğalının xalqımıza vurduğu zərərlər, torpaqlarımızın 30 ildən artıq işğal altında qalması, həmçinin Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və Azərbaycan əsgərinin qəhrəmanlığı sayəsində ərazi bütövlüyümüzün bərpa olunmasından danışıblar. Həmçinin çıxışlarda Xocalı soyqırımının hüquqi aspektləri vurğulanıb.
Daha sonra Humanitar kollecin tələbəsi Yusif Səccad müəllifin kitabda yer alan şeirlərindən birini səsləndirib.
Sonda professor Mübariz Allahverdiyev tədbir təşkilatçıları və iştirakçılara təşəkkürünü bildirib. Xocalı sakinlərinin mərd və torpağa bağlı insanlar olduğunu qeyd edən professor belə faciələrin bir daha təkrarlanmamasını arzulayıb.