Bizi izləyin:
Heydər Əliyev
Növbəti tədris ilindən hazırlıq şöbəsinin dinləyicilərinə “Tibbi biliklərin əsasları” fənni tədris olunacaq

Növbəti tədris ilindən hazırlıq şöbəsinin dinləyicilərinə “Tibbi biliklərin əsasları” fənni tədris olunacaq

    Azərbaycan Tibb Universitetinin (ATU) İnsan anatomiyası və tibbi terminologiya kafedrasında növbəti tədris ilindən hazırlıq şöbəsinin dinləyicilərinə “Tibbi biliklərin əsasları” fənni tədris olunacaq. 

    Bu yeniliklə bağlı keçirilən tədbirdə kafedranın müdiri, professor Nəriman Mövsümov müxtəlif ölkələrin universitetlərində hazırlıq ərəfəsində “Anatomiya və tibbi terminologiya” fənninin ayrıca tədris olunduğunu bildirib: “Bu isə ilk növbədə tələbələrin terminologiyanı beynəlxalq səviyyədə mənimsəməsinə şərait yaradır. Bu nöqteyi-nəzərdən yeni fənnin məhz bizim kafedramızda tədrisini həm yüksək etimad, həm də böyük məsuliyyət kimi qəbul edirik”. 

    Universitetin Əcnəbi təhsilalanlarla iş üzrə dekanı Natiq Bayramov hazırlıq şöbəsinin sovet dönəmində də fəaliyyət göstərdiyni xatırladıb. Qeyd edib ki, o zaman bu şöbə daha çox əmək adamlarının Tibb İnstitutuna qəbul olunmasını asanlaşdırmaq funksiyası daşısa da, hazırda forma və mahiyyətini tamamilə dəyişib. Belə ki, artıq xarici tələbələr hazırlıq kursu keçərək I kursa daxil olurlar. Burada 3 əsas fənn – kimya, biologiya, fizika, eləcə də Azərbaycan bölməsinin tələbələri üçün Azərbaycan, rus bölməsinin tələbələri üçün rus, ingilis bölməsinin tələbələri üçün ingilis dili tədris edilir. Dekan ümumi dərs müddətinin 6 ay təşkil etdiyini bildirib: “Dərslər yanvar ayından başlayır, iyulun 1-ci həftəsinə qədər davam edir. Hazırlıq şöbəsində təkcə Azərbaycan dilinin tədrisinə 480 saat ayrılır. Müşahidələrimiz göstərdi ki, I kursa qəbul olunan əcnəbi tələbələr daha çox “Anatomiya” və “Histologiya” fənlərini öyrənməkdə çətinlik çəkirlər. Bu baxımdan, Azərbaycan dilinin tədrisinə ayrılan saatların azaldılaraq, yeni fənnin tədrisinə yönəldilməsini təklif etdik. Universitet rəhbərliyi təklifimizi müsbət qarşıladı və Elmi Şuranın qərarı ilə “Tibbi biliklərin əsasları” fənninin hələlik 60 saat dərs yükü ilə tədrisinə başlanılacaq”. 

   Tədbir müddətində davam edən müzakirələr zamanı yeni fənnin tədrisi prosesində yarana biləcək problemlərin həlli yollarından da söhbət açılıb. Xüsusən yeni tədris planının, tədris vəsaitinin hazırlanmasının vacibliyi diqqətə çatdırılıb. 

Paylaş

Dostlarınız ilə paylaşın.