Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəyli Türkiyənin Acıbadem Klinikasının nümayəndə heyətini qəbul edib.
Acıbadem Səhiyyə Qrupunun beynəlxalq biznesin inkişafı direktoru İlyas Benvenistenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə keçirilən görüşdə rektor ali tibb təhsili sahəsində beynəlxalq əməkdaşlığın strateji aspektləri, həmçinin müasir dövrdə bu əlaqələrin səhiyyə sisteminin inkişafında oynadığı mühüm roldan söz açıb.
Qloballaşma, tibb elminin sürətli inkişafı və səhiyyə problemlərinin beynəlxalq xarakter alması kimi amillərin universitetlər arasında münasibətlərin gücləndirilməsini zərurətə çevirdiyini vurğulayan rektor hazırda ATU-nun bu istiqamətdə təkcə Türkiyənin 40-a yaxın tibb fakültəsi ilə əməkdaşlıq qurduğunu diqqətə çatdırıb.
Bu münasibətlərin gələcək tibb mütəxəssislərinin daha keyfiyyətli hazırlanması, elmi fəaliyyətinin genişləndirilməsi və inkişafyönümlü təcrübələrin paylaşılmasına şərait yaratdığını deyən Gəray Gəraybəyli beynəlxalq tərəfdaşlıqda elmi-tədqiqat potensialının gücləndirilməsi, akademik mobilliyin inkişafı, virtual simulyasiya platformalarına imkan verən innovativ istiqamətlərin ali tibb təhsilinə inteqrasiyası kimi bir çox mühüm sahələrə diqqət yetirildiyini bildirib. Bu baxımdan, Acıbadem Klinikası ilə də əməkdaşlığın maraq doğurduğunu bildirən ATU rəhbəri qurulacaq əlaqələrin qarşılıqlı fayda verə biləcəyinə əminliyini ifadə edib.
Azərbaycan Tibb Universiteti ilə yaxın əməkdaşlığa göstərilən maraqdan söz açan İlyas Benveniste də təmsil etdiyi qurumun strateji tərəfdaşlıqların formalaşdırılmasına xüsusi diqqət göstərdiyini bildirib. Bu əməkdaşlıqların təhsil, elm və klinik fəaliyyət arasında əlaqələrin güclənməsinə töhfə verdiyini deyən direktor xüsusən xarici klinikalarda və universitetlərdə keçirilən təcrübənin gələcək həkimlərin fərqli səhiyyə sistemləri ilə tanışlığına, yeni klinik yanaşmaları öyrənmələrinə və peşəkar bacarıqlarının artırılmasına kömək etdiyini diqqətə çatdırıb.
Qarşılıqlı maraq doğuran istiqamətlər üzrə müzakirələrdən sonra Acıbadem Klinikası ilə Azərbaycan Tibb Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb. Memorandum birgə elmi tədqiqatların aparılması, təcrübə mübadiləsinin təşkili, müasir tədris metodlarının tətbiqi və innovativ tibbi texnologiyaların öyrənilməsi və s. kimi sahələr üzrə əməkdaşlığı ehtiva edir.