
Azərbaycan Tibb Universitetinin I Müalicə profilaktika fakültəsinin 3-cü kurs tələbəsi Sədulla Məmmədlinin Tələbə Elmi Cəmiyyətində apardığı elmi-tədqiqat işi uğurla nəticələnib.
S.Məmmədli 2024–2025-ci tədris ilində keçirilən İctimai Səhiyyə fakültəsinin Tələbə Elmi Cəmiyyətinin konfransında "Kolorektal xərçəngin erkən diaqnostik markerləri" adlı tədqiqat işi ilə çıxış edərək I yerə layiq görülüb. Daha sonra tələbə elmi rəhbəri, Bioloji kimya kafedrasının baş müəllimi Nərmin Bayramova ilə birlikdə mövzu üzərində işi davam etdirərək tədqiqatı daha da inkişaf etdirib.
Bioloji kimya kafedrasının müdiri professor Gülnarə Əzizovanın elmi dəstəyi ilə aparılan araşdırmanın nəticələri “Klinik laborator diaqnostika” jurnalında çap olunub. Məqalə “Kolorektal xərçəng zamanı antitumor peptidlərin və ənənəvi şiş biomarkerlərinin müqayisəli təhlili: molekulyar mexanizmlər, diaqnostik potensial və translasiya perspektivləri” adlanır.
Qeyd edək ki, “Klinik laborator diaqnostika” jurnalı Scopus (Q3 quartile) beynəlxalq elmmetrik bazasında indekslənən elmi nəşrlərdən biridir.
Bu nəşr ATU tələbələrin elmi-tədqiqat fəaliyyətinə cəlb olunmasının, gənc tədqiqatçıların inkişafına göstərilən dəstəyin və Bioloji kimya kafedrasında aparılan elmi rəhbərliyin mühüm göstəricisidir.
Məqalənin linki:
https://clinlabdia.ru/article/sravnitelnyj-analiz-protivoopuholevyh-peptidov-i-tradiczionnyh-opuholevyh-biomarkerov-pri-kolorektalnom-rake-molekulyarnye-mehanizmy-diagnosticheskij-potenczial-i-translyaczionnye-perspektivy-ob/