
Özbəkistanın Xivə şəhərində Urgenc Dövlət Tibb Universitetinin təşkilatçılığı ilə “İmmunologiya və klinik genetika. Orfan xəstəlikləri” adlı beynəlxalq elmi- praktik konfrans keçirilib.
10 ölkədən 500-dən artıq nümayəndənin iştirak etdiyi konfrans tibbin mühüm sahələri olan klinik immunologiya və genetikanın aktual problemlərinə həsr olunub. Konfransın əsas mövzusu bir çox panellərdə, eləcə də müxtəlif sessiyalarda müzakirəyə çıxarılıb. Konfransda xarici mütəxəssislərlə yanaşı, Özbəkistanın müxtəlif bölgələrindən immunoloqlar, immunologiya ilə maraqlanan pediatriya və daxili xəstəliklər mütəxəssisləri, revmatoloqlar, irsi-genetik xəstəliklər üzrə mütəxəssislər iştirak ediblər.
Birincili və ikincili immun çatışmazlıqlar, yeni diaqnoz qoyulmuş anadangəlmə immundefisitlər, həmçinin immun sisteminin tənzimlənməsinin pozulması nəticəsində baş verən autoinflamator, autoimmun və genetik xəstəliklərin patofiziologiyası, klinik gedişi, diaqnostikasındakı yeniliklər, laborator nəticələri və müalicəsi, immunoprofilaktika məsələlərinə dair bir-birindən maraqlı məruzələr dinlənilib, geniş diskussiyalar aparılıb.
Universitetimizi bu konfransda I Uşaq xəstəlikləri kafedrasının professoru Gülnarə Nəsrullayeva və II Uşaq xəstəlikləri kafedrasının dosenti Məleykə Kərimova təmsil ediblər. Professor G.Nəsrullayeva uşaqlarda anadangəlmə immundefisitlər, dosent M.Kərimova isə nadir genetik xəstəliklər haqda çıxış ediblər. Hər iki əməkdaşımıza təşəkkürnamə verilib.