Heydər Əliyev
Elmi əməkdaşlıqdan dayanıqlı inkişafa: Azərbaycan Tibb Universitetinin qlobal tərəfdaşlıq modeli

Elmi əməkdaşlıqdan dayanıqlı inkişafa: Azərbaycan Tibb Universitetinin qlobal tərəfdaşlıq modeli

    Azərbaycan Tibb Universiteti (ATU) beynəlxalq elmi əməkdaşlığın inkişafı, tibbi təhsilin keyfiyyətinin yüksəldilməsi və sübutlara əsaslanan tibbin təşviqi istiqamətində fəaliyyətini davam etdirərək BMT-nin 2030 Dayanıqlı İnkişaf Gündəliyinin (Sustainable Development Goals – SDGs) həyata keçirilməsinə töhfə verir. 
   Bu istiqamətdə atılan növbəti addım kimi, ATU əməkdaşları İstanbulda keçirilən  EPA/UNEPSA–2026 Konqresində (I International ÇAM & SAKURA Pediatric Days, III EPA/UNEPSA Hot Topics Europaediatrics Joint Meeting və I International ÇAM & SAKURA Pediatric Nursing Days) Azərbaycan elmini beynəlxalq səviyyədə uğurla təmsil edib. 
    Avropa Pediatriya Assosiasiyası (European Paediatric Association – EPA/UNEPSA) və Başakşehir Çam & Sakura Şəhər Xəstəxanasının "Until All Children Smile" ("Bütün uşaqlar gülümsəyənədək") devizi altında birgə təşkil etdiyi konqresin elmi proqramı pediatriyanın demək olar ki, bütün aktual sahələrini əhatə edib. 
    Universitetimizin bu beynəlxalq forumda iştirakı BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsinə verilən real töhfənin növbəti nümunəsidir. Təqdim olunan fəaliyyət ilk növbədə SDG 3 – "Sağlam həyat və rifah"  – ana və uşaq sağlamlığının qorunması, infeksion və qeyri-infeksion xəstəliklərin profilaktikası, erkən diaqnostika və keyfiyyətli tibbi xidmətin inkişafı; SDG 4 – "Keyfiyyətli təhsil" – müasir tibbi təhsil, peşəkar kompetensiyaların inkişafı və klinik bioetikanın tədrisi; SDG 9 – "Sənaye, innovasiya və infrastruktur" – elmi tədqiqatların, innovativ tibbi texnologiyaların və beynəlxalq elmi əməkdaşlığın inkişafı; SDG 17 – "Məqsədlər naminə tərəfdaşlıq" – beynəlxalq akademik əməkdaşlığın, elmi bilik mübadiləsinin və qlobal səhiyyə tərəfdaşlıqlarının gücləndirilməsi kimi məqsədlərlə uzlaşır. 
   Konqres çərçivəsində ATU və Azərbaycan Pediatrlar Assosiasiyasının alimləri tərəfindən hazırlanmış iki elmi tədqiqat beynəlxalq elmi proqramda təqdim olunaraq xarici mütəxəssislər, beynəlxalq elmi ictimaiyyət tərəfindən böyük maraqla qarşılanıb. 
   Birinci təqdimat "The Role of Clinical Bioethics in Developing Professional Ethical Competencies Among Future Physicians: Results of a Delayed Evaluation of an Educational Course" mövzusunda olub. Tədqiqatın müəllifləri ATU-nun II Uşaq xəstəlikləri kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru, Azərbaycan Pediatrlar Assosiasiyasının sədri, Avrasiya Uşaq Həkimləri Federasiyasının vitse-prezidenti Təranə Tağı-zadə və sözügedən kafedranın dosenti, tibb üzrə fəlsəfə doktoru Ülviyyə Hacıyeva olub. 
    Araşdırmada ATU-da uzun illər tədris olunan klinik bioetika kursunun gələcək həkimlərin peşəkar etik kompetensiyalarının formalaşmasına uzunmüddətli təsiri qiymətləndirilib. Tədqiqatın nəticələri göstərib ki, bioetika təhsili tələbələrdə etik qərarvermə, peşəkar məsuliyyət, pasiyent hüquqlarına hörmət və effektiv həkim–pasiyent kommunikasiyasının inkişafına əhəmiyyətli töhfə verir. Bu nəticələr tibbi təhsilin keyfiyyətinin artırılması baxımından mühüm elmi əhəmiyyət daşımaqla SDG 4 – "Keyfiyyətli təhsil" məqsədinin həyata keçirilməsinə xidmət edir. 
   İkinci elmi təqdimat – "Pediatric Brucellosis: Patterns of Misdiagnosis and Delayed Diagnosis" – Azərbaycan Tibb Universiteti və Azərbaycan Pediatrlar Assosiasiyasının birgə tədqiqatı olub. Məruzədə uşaqlarda brusellyozun gec diaqnostikası, diaqnostik səhvlərin səbəbləri, erkən aşkarlanmanın və sübutlara əsaslanan klinik yanaşmaların əhəmiyyəti geniş şəkildə təqdim edilib. Tədqiqat endemik infeksiyalarla mübarizədə erkən diaqnostikanın və profilaktikanın vacibliyini göstərərək SDG 3 – "Sağlam həyat və rifah" məqsədi çərçivəsində uşaq sağlamlığının qorunmasına mühüm elmi töhfə verir. 
   Azərbaycan nümayəndə heyətinin daha bir mühüm nailiyyəti hər iki elmi işin tezislərinin British Medical Journal (BMJ) Konqres əlavəsində dərc olunmaq üçün qəbul edilməsidir. Bu uğur Azərbaycan Tibb Universitetində aparılan elmi tədqiqatların beynəlxalq akademik standartlara uyğunluğunu, yüksək metodoloji səviyyəsini və qlobal elmi ictimaiyyət tərəfindən tanındığını təsdiqləyir. 
Azərbaycan Tibb Universiteti beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi, tibbi təhsilin inkişafı, innovativ elmi araşdırmaların təşviqi və uşaqların sağlamlığının qorunmasına yönəlmiş fəaliyyətini bundan sonra da davam etdirəcək. Bu fəaliyyət xüsusilə SDG 3 – "Sağlam həyat və rifah", SDG 4 – "Keyfiyyətli təhsil", SDG 9 – "Sənaye, innovasiya və infrastruktur" və SDG 17 – "Məqsədlər naminə tərəfdaşlıq" istiqamətlərinin həyata keçirilməsinə real töhfə verməklə yanaşı, ATU-nun beynəlxalq elmi məkandakı mövqeyinin daha da möhkəmlənməsinə və ölkəmizin pediatriya elminin qlobal səhiyyə gündəliyində rolunun artmasına xidmət edir.
 

Paylaş

Dostlarınız ilə paylaşın.