Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında Ümumdünya Astma Gününə həsr olunmuş “Səbəb və Təsir: Allergik Rinit və Astma Arasında Qarşılıqlı Əlaqə” mövzusunda tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan pediatr-allerqoloq, professor Amaliya Əyyubova astmalı xəstələrə dəstək baxımından belə tədbirlərin keçirilməsinin çox önəmli olduğunu bildirib:
“Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən belə tədbirlər hər il keçirilir. Astmalı uşaqlar daima həkim nəzarətində olmaqla bu xəstəlikdən müəyyən mənada qoruna bilər. Biz valideynlərə də hər zaman bildiririk ki, belə uşaqlara xüsusi qulluq edilməlidir. Astmalı uşaqlar üçün daima pəhriz proqramı tətbiq edilməli və onlar əlverişli iqlim şəraitində yaşamalıdırlar”.
A.Əyyubova qeyd edib ki, 2015-ci ildə bütün dünyada 300 milyon astma xəstəsi olub:
“Bu da dünya əhalisinin təxminən 5%-ni təşkil edir. ÜST-nin proqnozuna görə, bu rəqəm 2020-ci ildə 400 milyona çatacaq. Bəzi alimlər belə hesab edirlər ki, astma ölümlə nəticələnən bir sıra xəstəliklərdən daha çox yayılıb”.
Allergiyanın ən çox uşaqlar arasında geniş yayıldığını vurğulayan A. Əyyubova belə uşaqların daima həkim nəzarəti altında saxlanılmasının vacibliyini vurğulayıb: “Hər il keçirilən bu tip tədbirlərlə əhali arasında maarifləndirməni yüksəltməyə çalışırıq ki, valideynlər bu cür problemləri olan uşaqlarını vaxtında həkimə gətirsinlər”.
A.Əyyubova qeyd edib ki, uşaqlarda bu xəstəliyin yayılma səbəbi süni qidalanma, şirniyyatlardan, sitrus meyvələrindən, antibiotiklərdən həddindən artıq çox istifadədir. Bu da allergiyanı yaradan başlıca səbəblərdir: “Bu gün müasir diaqnostik metodlardan istifadə bizə xeyli imkanlar verir. Nəticədə də astmalı xəstələrin həyat tərzini yaxşılaşdırmaq imkanımız olur. Yeni innovativ metodların da tapılması, bəlkə də bu xəstəliyi yaxın gələcəkdə tam müalicə etmək imkanı verəcək”.
Daha sonra allerqoloq, immunologiya kursunun müdiri, professor Lalə Allehverdiyeva bronxial astma xəstəliyindən danışıb. Qeyd edib ki, bu xəstəlik çox ciddi və qlobal problemə çevrilib: “Bu gün Azərbaycanda da bronxial astma çox geniş yayılıb. Dünyada isə bronxial astma son dövrlərdə 18%-ə qədər çatıb ki, bu da həmin insanların yaşadıqları iqlim şəraitindən çox asılıdır. Bu xəstəlikdə ölüm faizi dünya üzrə 250 mindir. Hər il isə astmadan 15 milyon adam əmək qabiliyyətini itirir. Bütün bunlara baxmayaraq son dövrlərdə tibb astma sahəsində çox böyük nailiyyətlər əldə edib”deyə L.Allahverdiyeva bildirib.
Tədbirin sonunda isə Böyük Britaniyadan birbaşa “Astma və allergik rinit” mövzusunda professor, fəxri həkim məsləhətçi Peter Howarth tərəfindən on-line mühazirə dinlənilib.
Hesablamalara görə, 2020-ci ildə bəzi ölkələrdə, xüsusilə Avropada hər ikinci adam allergik astma xəstəliyə tutula bilər.