Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “2 fevral – Gənclər günü”nə həsr olunmuş təntənəli bayram tədbiri keçirilib. Toplantıda ictimai siyasi həyatda, təhsildə və digər sahələrdə fərqlənən gənclərə mükafatlar təqdim olunub.
Təqdiredici haldır ki, mükafat alan gənclər arasında Azərbaycan Tibb Universitetinin də tələbələri yer tutub. Universitetin Əczaçılıq fakültəsinin IV kurs tələbəsi, ATU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) fakültə üzrə sədri Mirtaleh Mirzəzadə ATU-nun ictimai-siyasi həyatında aktiv iştirakına görə xüsusi diplomla təltif olunub.
ATU-nun II müalicə-profilaktika fakültəsinin V kurs tələbəsi Fidan Süleymanlı isə “Qadınlarda intiharın klinik psixopatoloji və patopsixoloji xüsusiyyətləri” mövzusundakı araşdırmasına görə xüsusi mükafata layiq görülüb. Bu tədqiqat işi ATU-nun Tələbə Elmi Cəmiyyətinin (TEC) konfransında dinlənilib və müzakirə edilib.
Bayram tədbirində rayonun ictimai-siyasi həyatında, təhsil, idman, elm, mədəniyyət və s. sahələrində fərqlənən 35 gəncə müxtəlif nominasiyalar üzrə Nəsimi rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları və qiymətli hədiyyələr təqdim olunub.
Gənclər gününə həsr olunmuş tədbirdə Milli Məclisin üzvlərindən Məlahət İbrahimqızı, Asim Mollazadə, Aydın Hüseynov, Ülvi Quliyev, Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli, Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyeva, Azərbaycan Dillər Universitetinin rektor əvəzi Əfqan Abdullayev, Azərbaycan Universitenin rektoru Fərid Əhmədov, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Gənclər Fondunun aparat rəhbəri Faiq Qürbətov və digər rəsmilər iştirak ediblər. Azərbaycan Tibb Universiteti bu toplantıda geniş tərkibli müəllim-tələbə heyəti ilə təmsil olunub.
Tədbir populyar incəsənət xadimlərinin iştirakı ilə böyük konsert proqramı və diskoteka ilə başa çatıb.
Qqeyd edək ki, Azərbaycanda 1997-ci ildən etibarən 2 Fevral – Ggənclər Günü kimi qeyd edilir. MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk olaraq Azərbaycanda həmin tarix rəsmi bayram kimi təsbitlənib. Yalnız 1999-cu ildə BMT-nın qərarı ilə avqustun 12-si “Ümumdünya Gənclər Günü” kimi elan edilib.
Prezident İlham Əliyevin başçılığı ilə bu gün respublikamızda gənclərin keyfiyyətli təhsili, bilik və peşəkarlıqlarının artırılması, onların sosial problemlərinin həlli istiqamətində böyük işlər görülür. 2011-ci ildə dövlət başçısının Sərəncamı ilə «Azərbaycan Gəncliyi Dövlət Proqramı» təsdiq olunub, Gənclər Fondu yaradılıb. Gənclərin sosial problemlərinin həlli istiqamətində mühüm işlər həyata keçirilir.