ATU-nun Tədris Cərrahiyyə Klinikasında nadir rast gəlinən xəstəliklə bağlı əməliyyat aparılıb. Klinikaya gətirilən körpədə qalça bağırsağın funksional hissəsi anadangəlmə qapalı olub. İleol atreziyası (tip 3a), atreziyaya uğramış distal hissənin göbəkdən fistula formasında xaricə çıxması, obliterasiya olunmamış uraxus ilə doğulan körpə üzərində əməliyyat icra olunub.
Həkim mama-ginekoloq tefd. Arzu İsmayılovanın dediklərinə görə, hamiləlik zamanı ultrasəs müayinəsi zamanı körpədə bağırsaq keçirməzliyi ilə bağlı müəyyən şübhələr yaranıb. Buna görə doğuşdan dərhal sonra qarın boşluğunun rentgenoqrafiyası aparılıb və bağırsaq keçirməzliyi diaqnozu təsdiqlənib.
Uşaq cərrahları dos.Ramiz Poluxov və Ramin Bayramov tərəfindən aparılan əməliyyat yüksək səviyyədə keçirilib. Qalça bağırsağın terminal hissəsi, kor bağırsaq rezeksiya olunaraq ileo-ascendo anastomoz qoyulub.
Əməliyyatdan sonra körpə sağ-salamat evə yola salınıb. Xəstənin ailəsi klinikanın həkimlərinə, xüsusilə neonatoloq Səadət Yaqubovaya dərin təşəkkürlərini bildirirlər.