Bu gün Azərbaycan Tibb Universitetində (ATU) tanınmış həkim, qayğıkeş müəllim, bacarıqlı səhiyyə təşkilatçısı Zemfira Topçubaşovanın anadan olmasının 90 illiyinə həsr edilmiş konfrans keçirilib.
ATU-nun müalicə-profilaktika fakültəsinin I mamalıq və ginekologiya kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru, əməkdar müəllim, prezident təqaüdçüsü Zemfira Topçubaşovanın ad gününə həsr edilmiş konfrans ATU-nun Tədris Cərrahiyyə Klinikasında baş tutub.
ATU-nun rektoru professor Gəray Gəraybəyli tədbiri açaraq, Zemfira xanımı yubileyi münasibətilə təbrik etdi, ona uzun ömür, can sağlığı dilədi: “Baxmayaraq ki, tələbəlik illərimdən 30 ilə yaxın vaxt keçib, Zemfira xanımın auditoriyada səsləndirdiyi özünəməxsus mühazirələri, hər bir tələbəyə xüsusi qayğı ilə yanaşması hələ də yaddaşımdadır. Minlərlə ailə Zemfira xanıma çox böyük minnətdarlıq hissi ilə yaşayırlar”. Z. Topçubaşovanı “Azərbaycan səhiyyəsinin Qızıl Fondunun canlı nümayəndəsi” adlandıran rektor yubilyarı ATU-nun fəxri diplomu ilə təltif etdi.
ATU-nun I mamalıq və ginekologiya kafedrasının müdiri professor Elmira Əliyeva məruzəsində əməkdar müəllim görkəmli ictimai xadim, səriştəli alim və səhiyyə təşkilatçısı Zemfira Topçubaşovanın həyatı, elmi-pedoqoji, praktiki həkimlik fəaliyyəti haqqında tədbir iştirakçılarına geniş məlumat verdi.
Daha sonra Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova çıxış edərək, yubilyar haqqında ürək sözlərini söylədi: “Zemfira xanım dostluğu ilə fəxr etdiyimiz insanlardan biridir. Dahi insanlar çoxdur, amma şəxsiyyət dediyimiz insanlar azdır və Zemfira Topçubaşova onlardan biridir”.
Tədbirdə, həmçinin, akademiklər Adilə Namazova və Böyükkişi Ağayev, Səhiyyə Nazirliyinin baş mama-ginekoloqu Sevinc Məmmədova, professor Hicran Bağırova, “Caspian Plaza” xəstəxanasının baş həkimi Nigar Axundova və digərləri yubilyar haqqında xoş sözlər səsləndirdilər.
Sonda Zemfira Topçubaşova konfransda iştirak edən hər kəsə təşəkkürünü bildirdi: “Hər birinizə minnətdaram ki, məni unutmamısınız. Mən indi də telefon vasitəsilə cərrahiyyə əməliyyatlarına kömək edirəm. Çox sevinirəm ki, mən hələ də tibb sahəsinə lazımam. Həmişə də məndən sonra gələnlərə kömək etməyə çalışmışam”.