Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinİkasında “3-cü orqan transplantasiyası günləri” çərçivəsində elmi konfrans baş tutub. Tədbirdə Klinikanın direktoru, professor Surxay Hadıyev açılış nitqi ilə çıxış edərək konfrans zamanı transplantologiya mövzusunda geniş məruzələrin səslənəcəyini, bu sahədə aktual məsələlərlə bağlı müzakirələrin aparılacağını bildirdi.
S.Hadıyev ATU-da orqan köçürülməsi ilə bağlı Türkiyəli həmkarlarla ilə birgə tədbirlərin təşkilnin artıq ənənə halını aldığını qeyd etdi: “Bildiyiniz kimi Azərbaycan müstəqillik qazandığı dövrdən etibarən Türkiyə ilə bütün sahələrdə əlaqələri genişlənib. Bu sahələrə səhiyyə də daxildir. Mütəmadi olaraq həkimlərimiz, səhiyyə işçilərimiz qarşılıqlı səfərlər edir, birgə beynəlxalq konfranslarda iştirak edirlər. Bu baxımdan, Tibb Universitetinin Türkiyənin bir sıra elmi təhsil müəssisələri, o cümlədən İnönü Universiteti ilə möhkəm əməkdaşlığı var”.
Türkiyənin Qaraciyər Transplantologiyası İnstitutunun müdiri, İnönü Universitetinin professoru Sezai Yılmaz da tədbirin təşkilinə görə ATU rəhbərliyinə təşəkkür edərək hazırda dünyada orqan köçürülməsinin səhiyyənin mühüm bir hissəsini əhatə etdiyini bildirdi. Bu sahənin son illər Azərbaycanda da inkişaf etdiyini vurğulayan S.Yılmaz bu məsələdə azərbaycanlı həkimlərlə təcrübə mübadiləsi aparmağın böyük əhəmiyyət daşıdığını qeyd etdi.
Konfransda azərbaycanlı və türkiyəli səhiyyə nümayəndələri, tibb elminin təmsilçilərinin orqan transplantologiyası üzrə müxtəlif mövzularda mühazirələri səsləndi. “Marginal donorlarda maşın reperfuziyası”, “Fərdi immunosupressiya”, “Qaraciyər transplantasiyası sonrası rəddetmənin biomarkeləri”, “Qan qrupu uyğunsuzluqarında desensibilizasiya” və bu kimi digər mövzularda məruzələr dinlənildi. Hepatit C zamanı qaraciyər köçürülməsi, böyrək transplantasiyasında Azərbaycan təcrübəsi ilə bağlı ölkənin aparıcı elmi tibb müəssisə və klinikalarının əməkdaşları çıxış etdilər.