Azərbaycan Tibb Universitetində I Müalicə-profilaktika fakültəsində təhsil alan tələbələrlə görüş keçirilib.
Tədbiri universitetin xarici tələbələr üzrə dekanı Tariyel İsmayılov açıb. Dekan tələbələrin tədris, təcrübə zamanı müəllimlərin onlara olan münasibəti ilə maraqlanıb. Bildirib ki, tələbələrə müəllimlər tərəfindən qayğının artırılması, normal münasibətin göstərilməsi məsələsi birbaşa rektorun diqqət mərkəzindədir. Hansısa müəllimin tələbəyə qarşı ögey münasibəti və ya haqsız mövqe sərgiləməsi ilə bağlı edilmiş şikayətin rektorluq səviyyəsiində həll olunacağını tədbir iştirakçılarının diqqətinə çatdırıb.
T.İsmayılov həmçinin ediləcək şikayətlərin anonim saxlanılacağını da vurğulayıb. O, eyni zamanda tələbələri yataqxana şəraitində və ölkədə müvəqqəti yaşayış üçün süni əngəllərin olub olmaması ilə də maraqlanıb. Onları həmçinin universitetin daxili nizamnaməsinə riayət etməyə səsləyib. Bildirib ki, daxili nizamnaməni pozduqalrına görə 8 tələbə yataqxanadan azad olunub.
Dekan müavini Orxan İsayev də tələbələrə bir sıra tövsiyyələrini verərək, müqavilə üzrə təhsil haqqını ödəməyən tələbələrın çox qısa zamanı qaldığını bildirib. Aprelin1-dək təhsil haqqını ödəyə bilməyənlərin universitetdən xaric olunacaqlarını qeyd edib. Həm Orxan İsayev, həm də digər müavin Nigar Ələkbərova tələbələrə hər hansı problemlə üzləşdikləri təqdirdə onlara müraciət etmələrini tövsiyyə edib.
Sonda tələbələr bir sıra təkliflərlə çıxış edərək problemlərini dilə gətiriblər. Onları maraqlandıran suallara ətraflı cavab verilib. Qeyd edək ki, bu görüşlər sil-silə şəklində olaraq bütün fakültələr üzrə keçiriləcək.