Azərbaycan Tibb Universitetində (ATU) təhsil alan əcnəbi tələbələr Azvision.az saytının hazırladığı “Xocalıya ədalət” rubrikası üçün video çarxın çəkilişlərində iştirak ediblər. Burada xarici tələbələrin hər biri öz dilində Xocalıya ədalət tələb etməklə, Azərbaycan xalqının üzləşdiyi bu dəhşətli cinayətin dünyada tanınmasına öz töhfələrini veriblər.
Xocalı faciəsinin baş verməsindən 25 il ötür. Ermənilərin Xocalıda törətdiyi soyqırım nəticəsində 613 azərbaycanlı milli mənsubiyyətinə görə vəhşicəsinə qətlə yetirilib. Xocalıda 487 nəfər şikəst edilib, 1275 nəfər girov götürülərək amansız işgənclərə məruz qalıb. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi bu günədək məlum deyil. Xocalı soyqırımı zamanı 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. Əsrin faciəsindən 25 il keçsə də Xocalı dəhşətləri unudulmur. Artıq dünyanın bir çox dövlətləri soyqırımı tanıyaraq “Xocalıya ədalət” istəyir.