Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) rektoru professor Gəray Gəraybəyli ilə Qırğızıstan-Türkiyə Manas Universitetinin rektoru professor Sebahattin Balcı arasında görüş keçirilib.
Qonaq, professor S.Balcı ilk öncə universitet haqqında geniş məlumat verdi. Onun sözlərinə görə, adıçəkilən ali təhsil ocağı Türkiyə və Qırğızıstan hökumətləri arasında bağlanan saziş əsasında yaranıb: “Qırğızıstan-Türkiyə Manas Universiteti artıq 21 ildir ki, fəaliyyət göstərir. 6000-dən çox tələbəmiz var, onların arasında 14 xarici ölkəni təmsil edən gənclər də var. 9 fakültəmiz fəaliyyət göstərir. Diplomumuz hər bir ölkədə tanınır. 5 qitə və 33 ölkədə tələbələrimiz mütəxəssis kimi çalışırlar”.
Bu il Manas Universitetinin Türk Universitetlər Birliyinə başçılıq edəcəyini deyən rektor, ATU-nun da bu birlikdə aktiv iştirak etməsini dilədi: “Bu il başçı universitet bizik və həqiqətən də yeniliklər etmək istəyirik. Bizdə tibb fakültəsi olmasa da, başqa sahələrdə sizdən tələbələri, mütəxəssisləri öz qurumumuzda görməyə, iştirakına çox şad olarıq”.
ATU-nun rektoru G.Gəraybəyli bu birlik haqqında məlumatlı olduğunu vurğuladı: “Bəli, sizin birliyinizin üzvləri arasında ATU da var. Bizdən keçən il prorektor da iştirak etnişdi sizin tədbirdə. Bu il də mütləq hansısa istiqamətdə bizim ali təhsil ocağından nümayəndə və yarışlarda iştirak üçün tələbə görəcəksiniz”.
Görüşdə ATU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Nadir Zeynalov, beynəlxalq əlaqələr şöbəsinin müdiri İkram Rüstəmov da iştirak edirdilər.