ATU-da mülki müdafiə gününə həsr olunmuş tədbir keçirilib
Bu gün 1 saylı tədris korpusunda ATU-nun Mülki Müdafiə Qərargahının rəisi Firdovsi Məmmədovun iştirakı ilə Mülki Müdafiə Gününə həsr olunmuş tədbir keçirilib.
MMTX təşkili kursunun rəisi, istefada olan polkovnik Fərman Əliyev “Mülki müdafiənin fəlakətlərə qarşı mübarizədə rolu” mövzusunda məruzə ilə çıxış edərək bildirib ki, Mülki Müdafiə - sülh və müharibə şəraitində mülki əhalinin, təsərrüfat obyektlərinin kütləvi qirğın silahlarından və düşmən hücumundan qorunması, eyni zamanda təbii fəlakət nəticələrinin aradan qaldırılmasında xilasetmə, bərpaetmə işlərini həyata keçirən ümumdövlət tədbiridir.
Məruzəçi tədbir iştirakçılarına Beynəlxalq Mülki Müdafiə Təşkilatının yaranma tarixi və fəaliyyəti istiqamətləri, 1 mart – Ümumdünya Mülki Müdafiə Günü və onun qeyd edilməsinin məqsədi, Azərbaycan Respublikasının Beynəlxalq Mülki Müdafiə Təşkilatına üzvlüyü, Azərbaycan Respublikasının Mülki Müdafiə sistemi, eləcə də mülki müdafiə təbliğatı və əhalinin fəlakət riskinin qarşısının alınmasına necə hazırlanması barədə ətraflı məlumat verib: “İlk dəfə 1931-ci ilin mayında Fransanın paytaxtı Parisdə tibb xidməti generalı fransız Corc Sant-Pol “Neytral zona və açıq şəhər ” adlı kiçik cəmiyyət yaradır, burada qocaları, xəstələri, körpə uşaqlı anaları mühafizə edir.
Sonralar təşkilat 1958-ci ilin yanvarında Beynəlxalq Mülki Müdafiə Təşkilatına çevrildi. 1960-cı ilin əvvəlində BMMT müharibə vaxtı əhalinin mühafizəsindən başlamış, sülh dövründə təbii və texnogen mənşəli qəzalaradək bütün problemlər üzrə fəaliyyət dairəsini genişləndirdi. Təşkilatın Nizamnaməsi 1972-ci il martın 1-də qanuni qüvvəyə mindi.
Həmin vaxtdan etibarən hər il 1 mart bütün ölkələrdə Ümumdünya Mülki Müdafiə günü kimi qeyd edilir. Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra, 1993-cü ildən bu təşkilatın üzvlüyünə qəbul olunmuş və onun keçirdiyi bütün tədbirlərdə fəal iştirak edir. 1997-ci ildə Milli Məclis “Mülki Müdafiə haqqında Qanun” qəbul etdi. 2005-ci ildən Prezidentin sərəncamı ilə ölkəmizdə Fövqəladə Hallar Nazirliyi yaradıldı”.
Mülki Müdafiə sistemində əsas məqsədlərdən birinin adamlara Mülki Müdafiə tədbirlərinin yerinə yetirilməsində onların öz vəzifəlrini bilməsinə kömək etmək, bilik və praktiki vərdişlərin təkmilləşməsini öyrətmək olduğunu vurğulayan F.Əliyev FHN-nin hər ilin 1 mart günü belə təlimlər keçirdiyini söyləyib: “Təlimdə Mülki Müdafiənin bütün xidmətləri: rabitə, yanğından mühafizə, tibb xidməti, mühəndis, kimyəvi və radiasiya əleyhinə, nəqliyyat, kommunal-texniki, ictimai aşayişin qorunması, bitki və heyvanların mühafizəsi və s. əlaqəli şəkildə iştirak edirlər”.
Qeyd olunub ki, müharibə və dinc dövrün fövqəladə hallarında tapşırıqların müvəffəqiyyətlə yerinə yetirilməsi əhalinin və Mülki Müdafiənin hərbiləşməmiş dəstələrinin döyüş hazırlığından, psixoloji möhkəmliyindən və yüksək mənəvi ruhundan çox asılıdır.
Hər bir vətəndaş əhalinin və ərazinin müdafiəsi, zərərçəkənlərə ilkin tibbi yardım göstərilməsi, fərdi və kollektiv mühafizə vasitələrinin istifadəsi üsullarını mükəmməl bilməli, fövqəladə hal zamanı müəyyən edilmiş davranış qaydalarına əməl etməli, lazım gəldikdə xilasetmə tədbirlərində yardım göstərməlidir.