ATU-nun Böyük Elmi Şurasının 27 yanvar tarixli 6 saylı iclasının qərarına əsasən, ATU-nun yeni gerb və loqosu təsdiqlənib.
Azərbaycan Tibb Univesitetinin yeni gerbi dairəvi formadadır. Dairənin mərkəzində maarif və inkişaf rəmzi kimi açılmış kitab təsvir edilib. Kitabın üstündə Hippokrat camı, yəni ilan sarılmış cam yerləşdirilib. Məlum olduğu kimi bu simvol dünyada səhiyyə və tibbin əsas rəmzi sayılır.
Kitabın altında ərəb rəqəmləri ilə 1930 - universitetin yaranma tarixi əks olunub. Kitabı, tarixi və Hippokrat camını iki ədəd zeytun yarpağı əhatələyir. Zeytun - Azərbaycanda yetişən əsas bitkilərdən biri kimi geraldikada sülh, inkişaf, eləcə də şəfa rəmzi kimi qəbul edilib.
Gerbin kənarları boyunca “Azərbaycan Tibb Universiteti” sözləri yazılıb, sözlərin hər iki tərəfində isə səkkizgüşəli ulduz əks olunub. Gerbin alt hissəsində isə üçrəngli bayrağımızın rənglərinə uyğun olaraq göy, qırmızı və yaşıl rənglərdə üç zolaq çəkilib. Bunlar məhz Azərbaycan Respublikasına məxsusluğumuzu, milliliyimizi və dövlətimizi xarakterizə edən simvollardır.
ATU-nun yeni loqosunda isə açılmış kitabın ortasında rəmzi cam təsvir edilib. Camın ətrafına cərrahi iynə formasında ilan sarılıb. Loqoda ATU abbreviaturası, onun altında universitetin yaranma tarixi yenə də ərəb rəqəmləri ilə qeyd olunub.