ATU-nun həkimləri arıqlamaq istəyənlərə yeni növ əməliyyat təklif edirlər
Azərbaycanlı cərrahlar PİYLƏNMƏ ilə mübarizədə Dünya tibbinin müasir nailiyyətlərini ölkəmizdə tətbiq edir.
ATU-nun I Cərrahi xəstəliklər kafedrasının əməkdaşı, Azərbaycan Bariatrik və Metabolik Cərrahlar Dərnəyinin sədri, t.ü.f.d. Ömərov Taryel bu barədə ətraflı məlumat verdi.
Məlum olduğu kimi piylənmə ilə mübarizə uzun illərdir ki, cərrahi yollarla korreksiya olunmaqdadır. Niyə məhz cərrahi metod?
Piylənmə zamanı bədən kütləsi İndeksi (BKİ)deyilən meyardan istifadə olunur. Bu rəqəm 20 -25 arasında olarsa insan normal çəkidə hesab olunur. BKİ 35-dən çox olub qeyri-cərrahi yolla arıqlaya bilməyən və yanaşı olaraq piylənmə nəticəsində yaranmış bir neçə patologiyanın varlığı mövcuddursa, bu zaman qalıcı və uzun müddətli effekt əldə etmək üçün mütləq cərrahi metodlara müraciət etmək lazımdır.Amma unutmamalıyıq ki, cərrahi metod bu işdə son çarədir və əgər beynəlxalq təcrübəyə əsaslanaraq düzgün seçim olunmazsa ən yaxşı halda pasiyent effekt görə bilməz.
Uzun illərdir ki, dünya cərrahları ideal və fəsadsız bariatrik cəraahi əməliyyat növü üzərində işləyirlər.Bu axtarışın başlanğıcı ötən əsrin 50-ci illərinə gedib çıxır.Bu işdə dönüş nöqtələrindən birincisini hazırda İFSO-Beynəlxalq Bariatrik Cərrahiyyə və Metabolik Xəstəliklər dərnəyinin həmsədrlərindən biri və əslən italyanlı olan prof. Nicola Scopinaro 1976-cı ildə biliopankreatik diversiya adlanan əməliyyatla başlatdı.Əməliyyat nə qədər effektiv olsa da azmənimsənilmə ilə bağlı olaraq sonradan baş verən patologiyalar yaranırdı. 2-ci dönüş nöqtəsi 1993-cü ildə Kremen Ru üsuli ilə mədə şuntlanması əməliyyatının tətbiqi oldu .3 cü dönüş nöqtəsi isə 2003-cü ildə günümüzdə ən populyar əməliyyat sayılan mədəkiçiltmə (Sleeve qastrektomiya)əməliyyatının gündəmə gəlməsi oldu-deyə bilərik. Bu əsas metodları özündə birləşdirən və günümüzdə tətbiq olunana onlarla aralıq növlər var. Yəni ideal bariatrik əməliyyat növü ancaq və ancaq pasiyentin bədən kütləsi indeksinə, yanaşi gedən xəstəliklərinin ağirliq vəziyyətinə, yaşina, tibbi- sosial əziyyətinə və s. bu kimi meyarlara ciddi nəzər yetirərək seçilərsə,daha effektiv olur.
Mədə kiçildilməsi - Bariatik Metabolik Cərrahiyyə müasir üsullarla həyata keçirilən və bütün dünyada populyarlıq qazanmış əməliyyatlardan biridir. Piylənmədən əziyyət çəkən insanlara bu baxımdan bir neçə növ əməliyyat təklif olunur. Hər birinin də öz üstün cəhətləri və çatışmazlıqları var. Məs., mədəkiçiltmə pasiyentlərin artıq çəkilərinin maksimum 60-80%- nin itirilməsinə gətirib çıxarırsa , Ry üsulu ilə mədə şuntlaması əməliyyatında bu rəqəm 90-100 %-dir .Mədəkiçiltmə ilə II tip şəkərli diabetdən qurtulma 60 % -dirsə mədəşuntlama əməliyyatları zamanı bu rərəqəm 90 %-ə qədər qalxa bilir.Buna çox sayda misallar çəkmə olar. Demək, mədə şuntlama əməliyyatları daha idealdır .
Lakin unutmamalıyıq ki, mədəşuntlama əməliyyatalarının özünəməxsus spesifik fəsadları da vardır. Bunun ən bariz nümunəsi kimi dəmir, Vitamın B12 defisitli anemyia və diqqət edilməzsə azmənimsənilmə sindromuna bağlı digər problemlər yarana bilər.Lakin aşırı piylənmədən əziyyət çəkən yanaşı olaraq II tip diabeti olan pasiyentlərdə bu tip əməliyyatlar arıqlayaraq öz ideal çəkilərinə çatmaqda daha effektivdirlər. Mədəkiçildilməsi isə bu işdə mədəşuntlama əməliyyatıarından geri qalır.
Lakin azərbaycanlı həkimlər bir neçə metodu özündə birəlşdirən və minimum az yan təsiri olan yeni növ əməliyyat – mədəkiçildilməsi zamanı standart metodla müqayisədə dah dar və həcmcə kiçik mədə formlaşadırmaq üçün yeni təklif veriblər. İşin məğzi bu əməliyyata standart metoddan fərqli olaraq təxminə 1 sm dimaetrdə mədə + pilorik sfinkterə daha yaxın 2 sm yaxınlaşaraq rezkesiyanın başlanması yəni antral hissənin maksımal şəkildə rezeksiyası(mədə həcmi ortalama 80-90 ml qalır diqqətinizə çatdırmaq istərdik ki, standart metod bu həcm 140-160, mədə şuntlanması əməliyyatları zamanı isə 50-70 ml olur)+ dar mədə saxlanılması zamanı baş verəcək anastamoz xətti sızmalarının, burulmaların və s. bu kimi ağırlaşmalaırn faizini daha çox azaltmaq üçün məliyyat zamanı mədənin böyük əyriliyindən ayrılmış omentumun yenidən kəsik xəttinə tikilməsi durur.Nəzər çatdırmaq istərdik ki, standart metodda mədənin diametri 13 -15 mm, həcmi isə 140-160 ml qalır, rezeskiya isə pilorik sfinkterdən 4-6 sm kənardan başlayaraq həyata keçirirlir. Artıq bu əməliyyatın dünya səviyyəsində tanıdılması üçün patent təşkilatlarına müraciət olunub.
Müsahibimiz Azərbaycan Tibb Universitetinin (ATU) I cərrahi xstəliklər kafedrasının əməkdaşı, Azərbaycan Bariatrik və Metabolik Cərrahlar dərnəyinin sədri, tibb üzrə fəlsəfə doktoru Taryel Ömərovla bu maraqlı mövzu ilə bağlı bir sıra məsələlərə aydınlıq gətirdik.
-Əvvəlcə bariatik cərrahiyyə haqqında danışaq. Adətən, xəstələr bu əməliyaytdan bir möcüzə gözləyirlər. Həqiqətənmi bu əməliyyatın köməyilə böyük miqdarda çəkidən qısa müddətdə xilas olmaq mümkündür?
-Elə hesab edirlər ki, 150 kq-lıq çəki ilə əməliyyata girib arıq çıxacaqlar. Elə deyil. Bu gün piylənmə “səssiz epidemiya” halını alıb. Piylənmə insanların həyatına çox ciddi təsir göstərən, şərait keyfiyyətlərini poza bilən xəstəliklərdən biridir. Piylənmədən əziyyət çəkən insan yağlı qaraciyər sindromu, ürək-damar sistemi riskləri, degenarativ ksteoartiritlər gizli gedən II tip şəkərli diabet və s. kimi yüzlərlə xəstəliklər, patologiyalarla üzləşə bilir. Biz əməliyyatdan əvvəl piylənmədən əziyyət çəkən insanların bütün analizlərini götürürük. Hətta belə xanımların gələcəkdə ana olma şanslarını da yoxlayırıq. Bu faktlar çox diqqət yetirilməli olan nüanslardandır.
Adətən, piylənmədən əziyyət çəkən insanın heç bir yeri ağrımır, ona görə də narahatlıq keçirmir. Rahat yeyir və kökəlir. Və artıq pilləkən çıxanda nəfəsalma problemləri, axşam yatarkən yuxuda apnoe sindromu və s. Bu kimi problemlər yarananda həkimə müraciət olunur, məlum olur ki, damarlar tutulub, şəkərli diabet yaranıb və s. Bu xəstəliklərin hamısını eyni anda müalicə etmək olmur Burada əsasən bir şeyi - piylənməni müalicə etmək lazımdır. Çünki piylənmə aradan qalxarsa, digər orqanlarda başlamış proseslərin hamısı geri çəkiləcək. Piylənmə ilə müraciət edən xəstələrdə əməliyyatın növünü həkim seçməlidir. Lakin indi hamı mədəsini kiçiltmək istəyir.
-Onda gəlin, elə bu əməliyyatdan - bariatrik əməliyyatdan danışaq. Nə dərəcədə çətin əməliyyatdır və nəticəsi nədən asılıdır?
- Bu gün piylənməni azaltmaq üçün çox növdə cərrahiyyə əməliyyatları mövcuddur. Mədə şuntlama, mədəkiçiltmə, hər ikisi birlikdə, yəni qida almanı əngəlləyən əmliyyatlar, qidanın sovrulmasını əngəlləyən əməliyyatlar. Mədə kiçildilməsi çox ciddi göstərişləri olan bir əməliyyatdır. Təsəvvür edin ki, biz yağlı qaraciyər sindromunun, piylənmənin yaratdığı bütün fəsadları düzəltmək üçün sağlam bir orqanımızı – mədəni qurban veririk.
Mədəkiçiltmə əməliyyatının aparılması üçün xəstənin bədənin kütlə indeksi 35-dən artıq olmalıdır. Bədənin kütlə indeksini tapmaq üçün çəkini, boyun uzunluğunun kvadratına bölmək lazımdır. Bu göstərici 20-25 olarsa, normadır, 25-30 kökəlmədir, 30-35 birinci dərəcəli piylənmədir, 35-dən artıq olduqda artıq əməliyyat olunmalıdır. İndeks 35-dən aşağı olarsa, demək idman və dietoloqun köməyilə arıqlamaq mümkündür. Bədən kütləsi indeksi 35-i keçərsə, yanaşı xəstəliklər arasında hər hansı riskli bir xəstəlik varsa, pasiyent dieta, idman və s. bu kimi tədbirlərlə arıqlaya bilmirsə və ya arıqlayıb onu qoruya bilmirsə, yaxud arıqlayıb yenidən kökəlirsə, belə hallarda əməliyyata göstəriş var.
Bu zaman əməliyyatın növünün seçilməsi də müəyyən faktorlardan asılıdır. Məsələn, xəstənin bədəninin kütlə indeksi 40-dan çoxdursa (çəki 150 kq, boy 1,75 sm), gəncdirsə və ciddi bir xəstəliyi yoxdursa, burada mədəkiçiltmə əməliyyatı yetərlidir. Əgər xəstədə şəkərli diabet, alkoqoldan, şirniyyatdan asılılıq varsa, onda 3 aydan sonra bu adam yenidən qaydaları pozub alkoqol, qazlı sular və s. içməyə meyillənəcəksə, onda mədəşuntlama – “bupass” əməliyyatı etməliyik. Çünki, bupass şəkərli diabetin müalicəsində 80-90% effektivdir, mədəkiçiltmə isə 60-70%-dir.
- Mədənin kiçildilməsi və bupass (şuntlama) əməliyyatlarının fərqi nədir?
- Standart mədəkiçildilməsi əməliyyatı zamanı mədənin daxilinə 36 fr 13 mm diametri olan bir boru salınır və pilorik sfinkterdın 4-6 sm kənardan başlayaraq kiçik əyriliyə paralel olaraq rezeksiya edilir. Bu əməliyyatdan sonrakı dövrdə pasiyentlərin mədəsi 13-15 mm diametrində və 140-160 ml həcmində qalır. Mədə şuntlaması adlandırdığımız baypass əməliyyatı zamanı isə treys bağından sonra nazik bağırsaq 70-100 sm kəsilir, eyni zamanda mədə qida borusuna yaxın olaraq 60 ortalama 60 ml-lik həcmdə kəsilrərk nazik bağırasqla Ry üsulu ilə anastomoz edilir və ya nazik bağırsaq treys bağından sonra 200-250 sm sayılaraq kəsilmədən ilgək şəklində eyni metodla hazırlanmış mədəyə anastamoz edilir . Lakin bu cür əməliyyatın yan təsirləri də var. Diqqət edilməzsə azmənimsənilmə sindromuna bağli bir çox proble lər yarana bilər, mədə çox kiçik qaldığından dəmir, B12 vitamini və fol turşusu defisiti yaranır. Bu patologiyaları aradan qaldırmaq üçün dərman da yazmaq olmur. Çünki mədə çox az qaldığından, həblər sovrula bilmir məcburən inyesion şəkildə müalicə tətbiq olunur. Amma 200 kq-lıq xəstənin 80 kq-a qədər arıqlamağını istəyiriksə, gərək baypass edək və ya əgər yanaşı olaraq II tip şəkərli diabrtdən əziyyət çəkirsə yenə də bupass dediyimiz şuntlama əməliyytaları önə çıxır.. Çünki mədə kiçildilməsi əməliyyatı çəkinin maksimum 40 faizinin azaldılmasına imkan verir. Əgər çəkinin 60 faizinin atılmasını istəyiriksə, gərək baypass edilsin.
-Bəs əməliyyatdan sonra arıqlayan insanın yenidən kökəlmə riski varmı?
-Dünya statistikasına görə, aparılan əməliyyatın növündən asılı olmadan əməliyyatdan 6-10 il sonra xəstələrin 15 faizində yenidən piylənmə, kökəlmələr olur. Xəstə 10 ildən sonra kökəlmə ilə gəldikdə, biz kiçildilmiş mədəni rahatlıqla baypass əməliyyatına çeviririk. Lakin baypass olunan xəstədə ikinci dəfə nəsə etmək ç8x çətin olur. Çünki artıq anatomiyanı pozmuşuq.
Dünya statistikasina baxdıqda hazırda aparılan əməliyyatların 40 faizi şuntlama əməliyyatlarına məxsusudur. Lakin son 5 illdə mədəkiçiltmə əməliyyatı da çox ciddi şəkildə trend götürüb.
-Bu əməliyyatları piylənmədən əziyyət çəkən bütün xəstələrdə aparmaq olarmı?
-Əməliyyat sonuncu mərhələdir. Əvvəlcə insanlar piylənmədən xilas olmağa çalışmalıdırlar. Biz bu sahədə maarifləndirməni artırmaq üçün ATU-nun nəzdində Azərbaycan Bariatrik Metabolik Cərrahlar Dərnəyini qurduq. Dərnəyin təsisçisi və sədri kimi qeyd edim ki, məqsədimiz Azərbaycan populyasiyasında piylənmə ilə mübarizə aparmaq idi. Bu gün dərnəyin sosioloqu, psixoloqu, endokrinoloqu, dietoloqu və 6 cərrahi heyətdən ibarət üzvləri var. Biz demirik ki, gəlin, sizi əməliyyat edək, deyirik ki, özünüzü qoruyun ki, əməliyyata gedib çatmayın. Daim bədənin kütlə indeksi 35-dən az olanalrı əməliyyat etmək olmaz, dünya buna ziddir deyirik.Buna görə də çalışırıq bütün yerli seminar və tədbirlərdə bacardıqca bu mövzunu önə çəkək. Maarifləndirici broşuralar hazırlayaraq ictimai tədbirlərdə piylənmənin necə bir təhlükəli xəstəlik olması, həmçinin bu zaman aparılan cərrahi əməliyytaların seçilməsi zamanı Beynəlxalq meyarlar haqqında məlumatlar veririk.
Tək yerli deyil eyni zamanda apardığımız yeni elmi araşdırma ilə bağlı olaraq bir çox beynəlxalq konqreslərdə də mütəmadi çıxışlar edirik. Dərnəyin rəsmi şəhadətnaməsini aldıqdan 1 ay - 2014 cü ilin may ayından sonra Beynəlxalq Bariatrik cərrahlar və Metabolik Xəstəliklər Assosiasiyasının (İFSO - International Federation for the Surgery of Obesity and Metabolic Disorders) Brüsseldə keçirilən dünya konqresində bu təşkilata üzv seçildik. Şərqdə yerləşən Postsovet dövlətlərindən ilk olaraq biz İFSO-ya üzv olduq. Hazırda üzvlər arasında Azərbaycanın adının olması qürurverici bir məqamdır. 2014-cü ildə 97 dövlətin iştirakı ilə keçirilən rəsmi dünya konqresində Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına və Dünya Bariatrik Assosiasiyasına üzv oldu. Bundan sonra biz Springer, Elsevier, Scopus, SOARD kimi nəşriyyatlarla ciddi əməkdaşlığa başladıq. Bu 3 il ərzində biz ciddi işlər gördük.
-Dərnək olaraq görülən işlər, qazanılan nailiyyətlər barədə nə deyə bilərsiniz?
Biz artıq 2015-ci ildə yuxarıda nəzərə çatdırmığımız yeni bir metodika gündəmə gətirdik. Bunun da sayəsində mədənin həcmi əvvəlkində daha dar qalır. Biz mədənin içinə ənənəvi olaraq 36 fr yox, 32 fr diametrli borusu ətrafında rezeksiya edirik, mədənin diametri 13 mm yox, 11 millimetr həcmi isə 80-90 ml qalır. Pilorik finkterdən 4-6 santimetr yox, 2 santimetrə qədər yaxınlaşıb ilk katruşu qövs şəklində qoyaraq rezeksiyaya başlayırıq(Antrum rezeksiyası). Bu zaman daha çox antral hissə də götürülür və nəticədə mədənin həcmi 80-90 ml həcmində qalır. Yəni, daha dar mədə qalır. Bu, xəstənin daha çox arıqlamasına gətirib çıxarır. Yəni, nəticə etibarilə arıqlama effekti baypass-da olan qədərdir, amma avitaminoz kimi yan təsirlər yaranmır. Sanki aralıq bir mərhələ yaratmışıq.
Dünyada bunu ona görə etmirdilər ki, bu əməliyyatdan sonra mədədə burulmalar baş verə bilir, anastamoz buraxması ola bilərdi. Belə hallar yaranmaması üçün ayırdığımız piyliyi yeniden pilkasyon metodla gətirib bu stepler xəttinə tikirik. Yəni 3 metodikanı birləşdiririk. Bu da dah effektiv və uzun müddətli arıqlama verir.
-Yeni əməliyyat nə dərəcədə uğurludur? Və əməliyyatın dünyada tanıdılması yönündə hansı işlər aparılıb?
-Biz bu yeni metodu 2015-ci ilin avqustun sonunda Dünya Bariatrik Assosiasiyasının Avstriyada keçirilən növbəti konqresində yeni metodika kimi hər kəsə təqdim etdik. Onlar bu işi çox bəyəndilər. Lakin əməliyyatın tanınması eyni zamanda nəticələrinin qənaətbəxş effektlər veridyini görmək üçün əməliyyat apardığımız 50 xəstənin 5 illik nəticələrini istədilər. Çünki, bu metod 1-2 il ərzində yaxşı effekt verə bilər. Lakin 5 illik müşahidələrdən sonra əməliyyatın yan təsiri olub-olmadığını dəqiq bilmək olar.
Yeni metodun patentini almaq üçün Avrasiya və PST adlandırılan beynəlxalq ideya müəllifliyi qurumuna müraciət etmişik. Azərbaycan Standartlaşdırma Metrologiya və Patent üzrə dövlət komitəsi ilə müqaviləmiz də var. Artıq Avropanın 3 dövlətindən bizə bu əməliyyatla bağlı təsdiq gəlib. Bu metodologiya heç bir dünya nəşriyyatlarında gündəmə gəlməyib. Həyata keçirdiyimiz əməliyyat ayrı-ayrılıqda 3 MÜXTƏLİF formada icra edilsə də, üçü birlikdə yoxdur. Bir il ərzində bu iş tam həllini taparsa, bu, Azərbaycan metodikası kimi bütün dünyada tanınacaq. Bununla bağlı biz artıq bir çox dünya konqreslərində çıxış etmişik.
Mən Beynəlxalq Cərrahlar Dərnəyi (İSS), Avropa Cərrahlar Dərnəyi (ESS), Beynəlxalq Bariatrik Cərrahlar və Metabolik Xəstəliklər Dərnəyi (İFSO), Amerikan Qastroenteroloqlar və Endoskopik Cərrahlar Dərnəyi (SAGES), Türkiyə Endoskopik Laparoskopik Bariatrik Cərrahi, Rusiya Bariatrik Cərrahi Dərnəyi və Türkiyə Ümumi Cərrahlar Dərnəyinin, 2013-cü ildən sonra Amerika Qastroentran və Endoskopik Cərrahlar Dərnəyinin (SAGES) üzvüyəm. Həmçinin, qeyd etdiyim kimi İFSO-nun, həm də Avropa Cərrahlar Dərnəyinin sıralarındayıq. 2015-ci ildə Dünya Cərrahlar Birliyinin üzvü seçilmişəm. Bütün bu qurumlarda Azərbaycanın, azərbaycanlı alimlərin, səhiyyəmizdə aparılan elmi işlərin tanınması üçün çalışırıq. Əməliyyat etmək rahatdır. Amma elm üçün də çalışmaq lazımdır. Biz yeni metodun tətbiqi ilə bağlı son illərdə 11 beynəlxalq , 7 yerli konfransda çıxış ermişik. 2013 2016cı illərdə nəzərdə tutlan Azərbaycan Prezindeti Yanında Elmin İnkişaf Fondunun elan etdiyi fundamental tədqiqat layihəsi üzrə qrant müsabiqəsinin qalibi olduq. Hal-hazırda həmin araşdırma ilə bağlı olaraq kafedramızın Tədris Cərrahiyyə Klinikasında olan bazasında aktiv işlər gedir.Mən dünya elm okeanına bir damla da olsa, öz faydamı verməyə çalışıram. Piylənmə cərrahiyyəsində apardığımız yeni növ əməliyyat - istər müsbət olsun, istər mənfi, bu, bir yenilikdir. Bu, həm də gələcək nəsil üçün bir təcrübədir. Artıq gələcəkdə bu cür əməliyyatların aparılmasının üstünlüyü, yaxud kənar təsirləri haqqında bilmiş olacaqlar. Sonda onu da qeyd edim ki, bu işdə bizə dəstək olan dərnəyimizin əməkdaşlarına, ATU-nun rəhbərliyinə, kafedramızın rəhbərliyinə və əməkdaşlaırna xüsusi olaraq təşəkkür edirik.