Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəyli Qafqaz Universitetinin rektoru, Beynəlxalq Universitetlər Assosiasiyasının prezidenti Kaxa Şengeliya ilə görüşüb.
Qafqaz Universitetinin rektoru Kaxa Şengeliya ATU-da olduğundan məmnunluğunu ifadə edib. Beynəlxalq Universitetlər Assosiasiyası barədə məlumat verən rektor qurumun 1965-ci ildə Birləşmiş Millətlər Təşkilatının yanında yaradıldığını qeyd edib: “Dünyanın 200-dən çox nüfuzlu universiteti bu Assosiasiyanın üzvüdür: “Assosiasiyanın əsas mərkəzləri ABŞ-ın Nyu-York şəhərində və Böyük Britaniyanın paytaxtı London şəhərində yerləşir”.
Beynəlxalq Universitetlər Assosiasiyasının bu ilin 5-8 iyul tarixində Avstriyanın paytaxtı Vyana şəhərində toplantısı keçiriləcək. Qurum prezidenti Kaxa Şengeliya rektor Gəray Gəraybəylini də toplantıya dəvət edərək, “sizi orada görməkdən məmnunluq duyarıq” – dedi.
Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli qonağa ATU-nun fəaliyyəti, klinikaları haqqında geniş məlumat verdi. Bildirdi ki, ATU Azərbaycanda həkim və əczaçılıq sahəsində mütəxəssis hazırlayan yeganə ali təhsil ocağıdır: “Universitetimizə ildə təxminən 1000 tələbə qəbul edilir. Hazırda 7000-ə yaxın tələbəmiz var. Bütövlükdə Azərbaycanın aparıcı ali ocaqlarından biriyik. Azərbaycan Tibb Universiteti xarici tələbələrin sayına görə ölkəmizdə 1-ci yeri tutur. Hazırda universitetə 26 ölkədən 1500-ə yaxın xarici tələbə qəbulu var”.
Görüşdə ATU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Nadir Zeynalov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, professor Rafiq Camalov da iştirak edirdilər.
Görüşdə rektor G. Gəraybəyli qonağı ATU-nun fəxri medalı ilə təltif etdi.